AMAF prezidenti rusiyalı həmkarı ilə görüşdü
07.06.2009 - 13:16
AMAF prezidenti rusiyalı həmkarı ilə görüşdü
Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) prezidenti Elçin Zeynalov iyunun 6-da Moskvada Rusiya Avarçəkmə İdmanı Federasiyasının (FQSR) rəhbəri Leonid Draçevski ilə görüşüb. AMAF-ın mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, görüş Rusiya paytaxtında keçirilən akademik avarçəkmə üzrə sayca 48-ci “Böyük Moskva reqatası” çərçivəsində baş tutub.

Draçevski Rusiyada avarçəkmənin vəziyyətindən və problemlərindən danışıb. O, əvvəllər böyük nüfuza malik “Böyük Moskva reqatası”nı yenidən bərpa etdiklərini söyləyib. Hazırda turnirdə 10 ölkənin iştirak etdiyini bildirən Draçevski gələn ildən iştirakçıların sayının ikiqat artacağını vurğulayıb.

FQSR prezidenti deyib ki, Azərbaycanda avarçəkmə növlərinin sürətli inkişafından və ölkəmizdə təcrübəli mütəxəssislərin çalışmasından xəbərdardır. Azərbaycanın avarçəkmə növlərində uzunmüddətli inkişaf proqramı ilə maraqlanan Draçevski ölkəmizin bu sahədəki təcrübəsindən yararlanmalarının mümkünlüyünü qeyd edib.

Zeynalov da Azərbaycanda avarçəkmə növlərinin vəziyyəti və irəliləyişlər haqda danışıb. O, hazırda Mingəçevir şəhərində inşa olunan “Kür” Olimpiya İdman Mərkəzinin bu ilin sonlarında istifadəyə verilməsindən sonra bu sahənin inkişafı üçün daha geniş imkanların yaranacağını vurğulayıb. Draçevski isə 2008-ci ilin əvvəllərində Rusiyanın gənclərdən ibarət yığma komandasının Mingəçevirdə təlim-məşq toplantısında və beynəlxalq “Prezident Kuboku reqatası”nda iştirakını xatırladıb. O, gələn il də ənənəvi turnirə qatılacaqlarını bildirib.
0