Elxan Məmmədov çempion! - YENİLƏNİB
07.06.2009 - 17:37
Elxan Məmmədov çempion! - YENİLƏNİB
Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan kişi cüdoçular arasında Dünya Kuboku başa çatmaq üzrədir. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanın şərəfini iki idmançımız qoruyur.

Cüdoçularımızdan biri Elçin Qasımov turnirdə əliboş qalıb. 73 kq çəki dərəcəsində mübarizə aparan Qasımov 7-ci yerlə kifayətlənib.

Digər təmsilçimiz Elxan Məmmədovun (90 kq) fəxri kürsüyə yüksələcəyi isə dəqiqdir. 27 yaşlı cüdoçumuz öncə rumıniyalı Georgia Stansiu, daha sonra moldovalı İon Botnarenkonu məğlub edib. Avropa çempionatının gümüş mükafatçısı yarımfinalda Kasper Laremi (Polşa) da asanlıqla üstələyərək, finala yüksəlib. Özü də Məmmədov hər 3 rəqibini ippon fəndinə salıb.

Yığmamızın üzvü həlledici görüşdə slovakiyalı Milan Randlı məğlub edib və qızıl medala yiyələnib. Bu dəfə də baş məşqçi Ağayar Axundzadənin yetirməsi ippon fəndi sayəsində qələbə qazanıb.

Xatırladaq ki, Elxan Məmmədov bu il Almaniyada Qran-Pri turnirində, ardından Gürcüstanda keçirilən Avropa çempionatında bürünc medala yiyələnib.
0