İspaniya milli komandası Bakıda!!! - FOTOSESSİYA
07.06.2009 - 22:11
İspaniya milli komandası Bakıda!!! - FOTOSESSİYA
Hazırkı Avropa çempionu İspaniya milli komandası Azərbaycan yığması ilə yoldaşlıq görüşü keçirmək üçün təxminən 2 saat əvvəl Bakıya gəlib. Apasport.az saytının məlumatına görə, dünya futbolunun ulduzlarından ibarət kollektivi Heydər Əliyev Beynəlxalq Hava Limanında AFFA rəsmiləri, futbol ictimaiyyətinin nümayəndələri, jurnalistlər və azarkeşlər qarşılayıblar.

Baş məşqçi Visente del Boske paytaxtımıza 23 futbolçu gətirib. Komandanın heyətində ötən il qitə çempionu titulunu qazanmış demək olar, bütün oyunçular var.

Hava limanında media nümayəndələrinə açıqlama verən İspaniya Futbol Federasiyasının prezidenti Anhel Mariya Vilyar Lyona bildirib ki, yoldaşlıq görüşündə sürpriz nəticə qeydə alınmayacaq: “İnanıram ki, oyun yüksək səviyyədə təşkil olunacaq. Azərbaycanda futbolu sevirlər, amma sürpriz nəticə gözləməyin. Bizim yığmamız uzun müddətdir uduzmur. Buraya məğlubiyyətsiz oyunlar seriyasının dayandırılması üçün gəlməmişik”.

Azərbaycan – İspaniya qarşılaşması iyunun 9-da saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlanacaq. Matçdan sonra pireneylilər Konfederasiyalar Kubokunda iştirak etmək məqsədilə Cənubi Afrika Respublikasına uçacaqlar.

Fotolar AFFA-nın fotoqrafı Eldəniz Bədəlovundur.
0