“Azərbaycan taekvandoçuları tezliklə olimpiya oyunlarında mükafat qazanacaqlar” - FOTO
09.06.2009 - 17:43
“Azərbaycan taekvandoçuları tezliklə olimpiya oyunlarında mükafat qazanacaqlar” - FOTO
Bakıda səfərdə olan Dünya Taekvondo Federasiyasının (WTF) prezidenti Çunqvon Co bu gün mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, Co ilə yanaşı, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Azərbaycan Taekvondo Federasiyasının I vitse-prezidenti Füzuli Musayev də iştirak edib.

Mətbuat konfransı paytaxtımızda sabah start götürəcək paralimpiyaçılar arasında ilk dünya çempionatı və komandalararası Dünya Kubokuna həsr olunub. WTF prezidenti bildirib ki, Azərbaycan fiziki qüsurlu taekvondoçuların dünya çempionatına ev sahibliyi edən ilk ölkə kimi tarixə düşəcək. O, dünya çempionatı və Dünya Kubokunda xüsusi texniki elektrik avadanlıqlardan istifadə olunacağını söyləyib: “Bundan hakimliklə bağlı ədaləti qorumaq üçün yararlanacağıq. Qılıncoynatmada da oxşar avadanlıqlardan istifadə olunur. Döyüşlər zamanı videoqurğular işləyəcək. Əgər hər hansısa etiraz olarsa, bu qurğuların sayəsində bir neçə saniyə öncə çəkilmiş kadrlara baxmaq mümkün olacaq”.

Azərbaycanın idman ölkəsi olduğunu vurğulayan Co Bakıya 4-cü dəfədir təşrif buyurur: “Öncə 2004-cü, 2005-ci və 2006-cı illərdə burada olmuşam. Hər dəfə şəhərinizə gələndə Bakının necə inkişaf etdiyinin, müasirləşdiyinin şahidi oluram”. Prezident indiyədək yay olimpiya oyunlarında medal qazana bilməyən Azərbaycan taekvondoçularına məsləhətini verib: “Fəxri kürsüyə yüksəlmək üçün çox çalışmaq lazımdır. Bir misal çəkmək istəyirəm. Pekin Olimpiadasında Əfqanıstan taekvondoçusu gümüş medal qazandı. Meksika yığması isə 2 qızıl medala yiyələndi. Düşünürəm ki, Azərbaycan taekvandoçuları da tezliklə yay olimpiya oyunlarında mükafata sahib çıxacaqlar”.

Çunqvon Co taekvondonun yay olimpiya oyunlarının proqramında qalıb-qalmaması məsələsinə də toxunub: “Ötən il Kopenhagendə keçirilmiş iclasda taekvondonun 2016-cı ilə qədər olimpiadanın proqramından çıxarılmayacağı qərara alınıb. Yəni, taekvondo yay olimpiya oyunlarından çıxarılmaq baxımından təhlükəsizdir. WTF-nin 189 üzvü var. Oktyabrda daha 3 ölkənin qurumumuza qoşulacağını gözləyirik. Planetimizdə 70 milyon insan taekvondo ilə məşğul olur. WTF FİFA-dan sonra dünyanın ikinci ən böyük idman təşkilatıdır”.
0