“Azərbaycanlı qardaşlarım hər zaman yanımda olub” - MÜSAHİBƏ
11.06.2009 - 12:57
“Azərbaycanlı qardaşlarım hər zaman yanımda olub” - MÜSAHİBƏ
Türkiyə taekvondo yığmasının üzvü, 2004-cü il Afina Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, ikiqat dünya, üçqat Avropa çempionu Bəhri Tanrıqulu Bakıya gəlib. Paytaxtımıza komandalararası Dünya Kubokunda iştirak etmək üçün təşrif buyuran 31 yaşlı idmançı yarışdan öncə apasport.az və lent.az saytlarına müsahibə verib.

- İndiyədək azərbaycanlı taekvondoçularla neçə dəfə qarşılaşmısınız?
- Ən çox Rəşad Əhmədovla qarşılaşmışam. Bundan başqa, 5-6 dəfə Təvəkkül Bayramovla üz-üzə gəlmişəm. Həm Rəşad, həm də Təvəkkül bizim qardaşlarımızdır. Onlarla görüşlərimiz gözəl idman mübarizəsi şəraitində keçib. Bütün turnirlərdə dost və qardaş kimi bir-birimizə dayaq olub, digər rəqiblər haqda məlumatlar verib, hətta geyim yardımı etmişik. İndi burada olmaqdan böyük xoşbəxtlik hissi keçirirəm.

- Ancaq 2004-cü il Afina Olimpiadasında Rəşad Əhmədovla döyüşünüz heç də səs-küysüz olmamışdı. Hakimlər bizim idmançıya ədalətsizliyə yol vermişdilər, Azərbaycan nümayəndə heyəti isə etirazını bildirmişdi...
- Rəşadla olimpiadanın yarımfinalında görüşmüşdüm. Azərbaycanlılar haqsızlıq olduğunu düşünərək, etiraz etdilər. Bu etiraza baxıldı və şikayətin haqsız olduğu bildirildi. Orada sərt bir şey olmadı. Yarışdan sonra yenidən dostluq və qardaşlıq öz yerini aldı.

- Azərbaycan taekvondosu haqda nə fikirdəsiniz?
- Mən Türkiyənin ən təcrübəli taekvondoçularından biriyəm. 1996-cı ildən etibarən böyüklərdən ibarət yığmada çıxış edirəm. Allahın köməkliyi ilə dünya və Avropa çempionatlarında yüksək nailiyyətlər əldə etmişəm. Bu uğurları əldə edərkən, azərbaycanlı qardaşlarım hər zaman yanımda olub. Azərbaycanlıların nəyə qadir olduqlarını da çox yaxşı bilirəm. 1998-99-cu illərdə ölkəniz yarışlarda cəmi 5-6 taekvondoçu ilə təmsil olunurdu. Bu gün isə görürəm ki, milli komandanızın çox gözəl bazası var, aşağı yaş qruplarından çox gözəl idmançılar yetişir, məşqçilər heyəti də yüksək səviyyəlidir. Taekvondo Azərbaycanda çox geniş yayılan idman növüdür. Əslində həm Azərbaycan, həm də Türkiyənin kökləri eyni olduğu üçün qanında bir mücadilə, əzmkarlıq, döyüşkənlik əhval-ruhiyyəsi var. Bu vərdişləri eynilə taekvondoda da göstərdiyimizə inanırıq. Azərbaycan taekvondosu həmin 5-6 idmançıdan böyük bir cameəyə çevrilib. İnşallah, daha yaxşı yerlərədək irəliləyər və layiq olduqları medalları alarlar.

- Azərbaycanlı taekvondoçular son iki olimpiadada mübarizə aparsalar da, mükafatçılar sırasına düşə bilməyiblər. Sizcə, fəxri kürsüyə yüksəlmək üçün nə etmək lazımdır?
- Həyatda olduğu kimi, bütün idman növlərində də çox çalışmaq, çox məşq etmək lazımdır. Yarışdan dərhal sonra dincəlmək, istirahətə çıxmaq yox, növbəti turnirlərə ciddi hazırlaşmaq vacibdir. Kim çox çalışsa, Allah da onun istədiyini verər. Mən də çox məşq etdim, çox çalışdım. Allaha şükürlər olsun ki, yüksək nəticələr əldə etməyi bacardım. Bundan sonra da eyni qaydada məşqlərimi davam etdirməyə çalışacağam. Azərbaycanlı taekvondoçular da yüksək əzmlə, yorulmadan məşqlərini davam etdirsinlər. Allah onların da qismətini verəcək.

- 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında medalsız qalmağınızın səbəbini nədə görürsünüz?
- Afina olimpiadasının finalında qarşılaşdığım ABŞ təmsilçisi Stiven Lopeslə Pekində ilk görüşümdə üz-üzə gəldim. Təbii ki, Lopes çox güclü rəqib idi. İki dəfə olimpiya çempionu olmuşdu. Lakin onu yenə biləcəyimə inanırdım. Alınmadı. Görünür, Allahın qisməti belə imiş. Öz daxilimizdə də bəzi problemlərimiz var idi. Özüm mübarizəni erkən dayandırsam da, bacım Əzizə Tanrıqulu Pekin Olimpiadasının gümüş mükafatçısı oldu. O, bizim üzümüzü güldürdü.

- Artıq 31 yaşındasınız. 2012-ci London Yay Olimpiya Oyunlarında çıxış etmək istəyiniz var?
- London Olimpiadası hədəflərimdən biridir. 31 yaşım olsa da, çox çalışıram.

- Əslən Diyarbəkirdənsiniz. Türkiyənin bir ucqar əyalətindən bacınızla birgə taekvondoçu kimi yetişmək və dünya çempionu, olimpiya mükafatçısı olmaq yəqin ki, böyük əziyyətlər bahasına başa gəlib…
- Mənim atam diyarbəkirlidir. Özüm milliyyətcə kürdəm. Diyarbəkirə tez-tez gedib-gəlirik. Amma özüm Ankarada doğulmuşam və hazırda Antalyada yaşayıram. Türkiyə paytaxtında taekvondonun sirlərinə yiyələnmişəm. 5 yaşımdan taekvondo ilə məşğul olmağa başlamışam. Məndən sonra bacı və qardaşlarım bu idman növünə gəldilər və onlar da uğurlar qazandılar.

- Siyasətlə maraqlanırsınız?
- İstər-istəməz maraqlanıram. Amma siyasətin içində deyiləm. İdmançı kimi fəaliyyətimi yerinə yetirirəm. Təbii ki, Türkiyədə baş verənləri və digər önəmli xəbərləri izləyirik.
0