“Azərbaycanda özümü evimdəki kimi hiss edirəm” - MÜSAHİBƏ
11.06.2009 - 18:24
“Azərbaycanda özümü evimdəki kimi hiss edirəm” - MÜSAHİBƏ
Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının yeni böyük məşqçisi Otar Tatişvili bir aya yaxındır ki, ölkəmizdə fəaliyyətə başlayıb. 62 yaşlı mütəxəssis bu vəzifədə ilk müsahibəsini Lent.az-a verib.

- Ölkəmizə gəlişiniz necə reallaşdı?
- Azərbaycandan təklif mənim üçün gözlənilməz oldu. Litvanın paytaxtı Vilnüsdə keçirilmiş Avropa çempionatından sonra Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev və vitse-prezident Babək Babayevlə söhbətim oldu. Bununla da ölkənizə gəlişim faktiki həllini tapdı. Təbii ki, burada federasiyanızın vitse-prezidenti, dostum Elçin Cəfərovla danışığım da körpü rolunu oynadı. Məhz o, mənim namizədliyim üzərində dayandı.

- Ölkəmizdə özünüzü necə hiss edirsiniz?
- Burada işləmək maraqlıdır. Amma xaricdə iş təcrübəsi mənim üçün yeni deyil. Əvvəllər İsrail yığmasının böyük məşqçisi olmuşam, Almaniya klublarından birində çalışmışam. Azərbaycanlıların gürcülərə yaxın xalq, Azərbaycanın isə Gürcüstanla yaxın dövlət olduğunu hiss edirəm. Çünki burada mənim üçün çox əziz insanlar yaşayır. Faktiki olaraq, mən özümü başqa dövlətdə yox, evimdə hiss edirəm.

- Əvvəllər yetirmələriniz Avropa və dünya çempionları, olimpiya mükafatçıları olublar. Eyni nəticəni Azərbaycanda da göstərə biləcəksinizmi?
- Bunlar artıq keçmişdə qalıb. Özüm haqda çox danışmaq istəməzdim. Amma hər halda tarixi uğurlarım var. Əvvəllər SSRİ yığmasının heyətində idman ustası olmuşam, Gürcüstanın əməkdar idman ustası, əməkdar idman və incəsənət xadimiyəm. Gürcüstanın iki ordeni ilə, güləşin populyarlaşdırılması istiqamətində xidmətlərimə görə, Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının qızıl ordeni ilə mükafatlandırılmışam. Necə deyərlər, yeni möcüzələr yaratmaq üçün işləmək lazımdır. Azərbaycan xalqı və dövləti bizdən yeni uğurlar gözləyir. Bunun üçün hazırlıq planı tutulub. Bu plan çərçivəsində komandamız İtaliyanın Sassari şəhərində keçirilmiş beynəlxalq turnirdə qüvvəsini sınayıb. Avropa çempionatında cəmi bir bürünc medal qazanan yunan-Roma güləşçilərimiz İtaliyada pis nəticə göstərməyiblər. Sakit Cəlilov (60 kq) qızıl, Fərid Mansurov (74 kq) gümüş, Rövşən Bayramov (60 kq), Vitali Rəhimov (66 kq) və Şalva Qadabadze (96 kq) bürünc medal qazanıblar. Ümumi komanda hesabında isə Azərbaycan yığması üçüncü olub. Aparıcı pəhləvanlarımız Mansurov, Bayramov, Rəhimov və Qadabadzenin bir çəki yuxarıda çıxış etdiklərini nəzərə alsaq, bunu uğura doğru ilk addım kimi dəyərləndirmək olar. Uğurlarımız gələcəkdə artan xətt üzrə davam edəcək. Çünki bizim arxamızda Azərbaycan Güləş Federasiyası və bütün xalq durub. İnanıram ki, birgə işimiz öz bəhrəsini verəcək.

- Bəs qarşıdakı əsas yarışlarınız hansılar olacaq?
- Növbəti sınağımız 17 – 19 iyulda Bakıda Heydər Əliyevin xatirəsinə keçiriləcək “Qızıl Qran-pri” turnirinin final mərhələsi olacaq. Bu, 21 – 27 sentyabrda Danimarkanın Kerlinq şəhərində təşkil olunacaq dünya çempionatına hazırlığın növbəti mərhələsi sayılacaq. Təbii ki, işimizə yaradıcı münasibət bəsləyəcəyik. Gündəlik məşqlər, təlim-məşq toplantıları, özünəinam hissinin formalaşdırılması istiqamətində çalışmalar məhz bütün yarışlarda uğurlu nəticələr göstərməyimizə hesablanacaq.

- Azərbaycan yığmasında işləyəcəyinizi bildikdən sonra Gürcüstan Güləş Federasiyasının reaksiyası necə oldu?
- Təkcə Azərbaycandan deyil, Cənubi Afrika Respublikası və İsraildən də təklif almışdım. Mənim tələbəm, dünya çempionu Qoça Çiçiaşvili İsrail Güləş Federasiyasının prezidentidir. Lakin mənim seçimim Azərbaycan oldu. Gürcüstan Güləş Federasiyası mənim başqa ölkədə çalışmağımdan pərişan oldu. Bunu özümü tərifləmək üçün demirəm. 2007-ci ildə Gürcüstanın ən yaxşı məşqçisi seçilmiş şəxsin ölkədən kənarda çalışmasını kim istərdi?

- Yəqin ki, bu zaman ölkəmizdən gələn təklifin cəlbedici olması da öz sözünü deyib...
- Mən bu məsələyə belə aydınlıq gətirərdim: görəndə ki, sənin imkanların fəaliyyət göstərdiyin məkanda son həddə çatıb, bacarığını başqa yerdə göstərmək istəyirsən. Mən də “Nəyə görə öz imkanlarımı Azərbaycanda sınaqdan çıxarmayım” deyə, öz-özümə sual verdim.

- Azərbaycan yunan-Roma güləşində hansı perspektivi görürsünüz?
- Çox ciddi perspektivlər var. Bir neçə idman qurğusuna baş çəkmişəm. Respublika Olimpiya İdman Litseyində uşaqlar 5-ci sinifdən etibarən güləşlə məşğul olurlar. “Neftçi” İdman-Sağlamlıq Mərkəzinin yeni zalı tikilir. Yaxşı zaldır, Hicran Şərifov kimi güclü məşqçiləri var. 1995-96-cı il təvəllüdlü güləşçilərin Azərbaycan birinciliyini də izləmişəm. Quba Olimpiya Kompleksində, Qusarda olimpiya hazırlığı mərkəzində olmuşam. Bilirsiniz, olimpiya mərkəzləri tikilərkən, orada məhz hansı növlərin inkişaf etdiriləcəyi müəyyənləşdirilsəydi, yaxşı olardı. Mənə deyiblər ki, yaxın vaxtlarda Azərbaycan Güləş Federasiyasının ofisi və böyük idman zalının təməli qoyulacaq. Məhz bu cür cəlbedici işlər məni Azərbaycana gətirdi.

- Sizinlə hansı müddətə müqavilə bağlanılıb?
- Bir il müddətinə. Lakin yəqin ki, 2012-ci il London Yay Olimpiya Oyunlarınadək burada qalacağam.

- Ölkəmizdə uzunmüddətli fəaliyyətiniz builki dünya çempionatında yunan-Roma güləşçilərimizin göstərəcəyi nəticədən asılı olacaq?
- Xeyr. Nəyə görə dünya çempionatından asılı olmalıdır? Həmin yarışa 120 kq çəkidə güləşçi göndərə bilməyəcəyəm. Çünki yoxumuzdur. 96 kq-da təmsilçimiz yox dərəcəsindədir. Üstəlik, bir neçə zədəlimiz var. Mən hələ idmançılarımız haqda danışmayacağam. Hazırda onların göstəricilərini, imkanlarını, kimin neçə kiloqram çəki salmaq iqtidarında olduğunu, şəxsi həyatlarında problemlərinin olub-olmadığını öyrənirəm. Bir-iki gün ərzində 50-dək güləşçinin nəyə qadir olduğunu öyrənə bilməzsən. Hələlik mən məşqçilər heyəti ilə tanış oluram. Perspektivli güləşçiləri üzə çıxarmaq üçün daim axtarışda olmalıyam. Müxtəlif mötəbər yarışlarda yüksək nəticə göstərənlərlə kifayətlənmək olmaz.

- Yuxarı çəkilərdəki problemləri necə aradan qaldıra biləcəksiniz?
- Əgər 100 il ərzində bu problem həll olunmayıbsa, mən 1 ilə necə yoluna qoya bilərəm? Axı necə ola bilər ki, Qafqazda yerləşən Azərbaycanda ağır çəkili, sağlam idmançılar tapılmasın? Hər halda bu istiqamətdə müəyyən irəliləyişlər var. Ağır çəkili gənc güləşçiləri bir yerə toplamışıq. Tədricən bu tendensiyanı davam etdirərək, yuxarı çəkilərdə də rəqabət yaradacağıq. Onların arasından ən layiqliləri seçiləcək və gələcəkdə Azərbaycanın şərəfini qoruyacaq.

- 120 kq çəkidə çıxış etmiş Anton Botev yığmamızdan kənarlaşdırılıb. Bəs 96 kq-dakı təmsilçimiz Denis Mişinin taleyinə aydınlıq gəlməyib?
- Botevin kənarlaşdırılmasından xəbərim yoxdur. Çünki bu, mənim bura gəlişimədək baş verib. Mişinə gəldikdə, onun millinin məşqlərinə qatılmamasının səbəbləri ilə maraqlanmışam. Deyiblər ki, Rusiyada şəxsi məşqçisinin yanında məşğul olur. Mişinlə əlaqə saxladım, Rusiyada hazırlaşacağını söylədi. Mən də ona dedim ki, yığmamızın “Qızıl Qran-pri” öncəsi sonuncu təlim-məşq toplantısına mütləq qatılmalısan. Bura gələndə şəxsi məşqçinin imzası ilə hansı tapşırıqları yerinə yetirdiyin haqda sənəd gətir. Çünki dövlət sənə pullar xərcləyir, əmək haqqı, mükafat verir. Qoy həmin sənədi gətirsin, baxaq və gələcək taleyini müəyyənləşdirək.
0