Azərbaycan - İspaniya matçının hakimi danışdı
12.06.2009 - 11:15
Azərbaycan - İspaniya matçının hakimi danışdı
Azərbaycan - İspaniya yoldaşlıq görüşünü idarə edən ukraynalı FİFA hakimi İqor İşenkonun apasport.az saytına eksklüziv müsahibəsi

- Azərbaycana səfərinizlə bağlı təəssüratlarını bilmək maraqlı olardı...
- Ölkənizə ilk səfərimlə bağlı təəssüratlarım yaxşıdır. Hər şey əla idi. Azərbaycan, ümumiyyətlə çox gözəl ölkədir. Bakıda tikilən binalar göz oxşayır. Paytaxtınız çox gözəldir. Qonaqpərvərliyinizə isə söz ola bilməz. Bunu xüsusilə qeyd etməliyəm.


- Bəs baş hakimi olduğunuz Azərbaycan - İspaniya görüşü barədə nə deyə bilərsiniz?
- Oyunda daha çox İspaniya yığması yadımda qaldı. Çünki Avropanın aparıcı klublarında forma geyinən futbolçuları yadda qalmaya bilməz. Belə məşhurlara qarşı oynamaq istənilən futbolçu üçün şərəfdir. Elə hakim üçün də İspaniya milli komandasının oyununu idarə etmək şərəfli bir işdir.

- Səhv etmiriksə, ilk dəfə idi ispanların görüşünü idarə edirdiniz...
- Doğrudur. Ancaq İspaniyanın gənclər yığmasının görüşündə hakimlik etmişəm. Bu, çoxdan, Litvada olub. İspaniyanın klublarından “Rasinq”in matçını idarə etmişəm.

- Ancaq belə ulduz futbolçuların iştirakı ilə oyuna ilk dəfə təyinat aldınız...
- Ümumiyyətlə, bu il məndə çox maraqlı təyinatlar alındı. Martın 28-də Almaniya milli komandasının səfərdə Lixtenşteyni 4:0 hesabı ilə məğlub etdiyi rəsmi matçı idarə etmişəm. Yeri gəlmişkən, bu, milli komandanızın da yer aldığı qrupun oyunu idi. İspaniya və Almaniya son Avropa çempionatının finalçılarıdır. Belə çıxır ki, son üç ayda Avropanın ən güclü futbolçularının hamısını canlı görmək, onlarla birgə çalışmaq mənə nəsib oldu.

- Bakıdakı qarşılaşmada futbolçulara vərəqə göstərmədiniz. Bu, nəyin göstəricisi idi?
- Məsələ ondadır ki, ikinci hissədə bir futbolçunuza sarı vərəqə göstərə bilərdim. Ancaq həmin epizodda şifahi xəbərdarlıqla kifayətləndim və o da məni başa düşdü. Hesab edirəm ki, məhz bu söhbət effektiv alındı.

- Həmin futbolçunun nömrəsi yadınızda qalmayıb?
- Xeyr qalmayıb. Onu deyə bilərəm ki, ucaboylu idi və göy butsu geyinmişdi.

- Ümumiyyətlə, azərbaycanlı futbolçular meydanda nizam-intizamlı idilər?
- Fikrimcə, bəli. Bu baxımdan həm Azərbaycan, həm də İspaniya yığmasında heç bir problem yox idi. Hamı futbol oynamaq istəyirdi və azarkeşlərə yaxşı oyun göstərdilər. Fikrimcə, azarkeşlər hesabın böyük olmasına (0:6 - red) baxmayaraq, doğma komandalarından üz çevirməzlər. Çünki inanmıram ki, indi hansısa komanda İspaniyaya qarşı ciddi müqavimət göstərsin. Yadımdadır, Ukrayna yığması son dünya çempionatının final mərhələsində nə qədər yaxşı komanda olsa da, ispanlara 0:4 hesabı ilə uduzdu. Həmin oyunda Ukraynanın praktiki olaraq heç bir şansı yox idi. Son Avropa çempionatının bürünc medalçısı Rusiya isə həmin turnirdə İspaniyaya iki dəfə böyük hesabla məğlub oldu. Halbuki, ruslar həmin yarışda yaxşı oyun nümayiş etdirib mükafat qazandılar. İspaniya və İngiltərə çempionatları Avropanın iki ən güclü çempionatı sayılır. Fikrimcə, hər bir məşqçi belə çempionatının iştirakçısı olan futbolçunu komandasında görmək istəyir. Bu, həm Berti Foqtsa, həm də bizim yığmanın çalışdırıcısı Aleksey Mixayliçenkoya aiddir.

- Həmin görüşdə hesabın belə böyük olacağını gözləyirdiniz?
- Bilirsiniz, mən nəticə haqda düşünmürdüm. Onu bilirdim ki, İspaniya yığması Konfederasiyalar Kubokuna hazırlaşır və istənilən turnirdə çıxış etmək böyük məsuliyyət deməkdir. Onlar bu yarışda bizim qitəni - Avropanı təmsil edəcəklər. Ehtimal edirdim ki, hazırlığın son mərhələsində əsas heyətlə oynayacaqlar və belə də oldu. İspanlar öz güclərini qorumaq yox, var gücləri ilə oynamaq haqda düşünürdülər. Üstəlik, 6 əvəzetmə imkanı vardı və milli komandanın formasını geyinən hər bir futbolçu meydana çıxaraq bütün gücünü ortaya qoyur. Məncə, görüşdən əvvəl çalınan himn, ucalan bayraq, futbolçuların formasında olan gerb hər şeyi deyir.

- Aydın məsələdir ki, İspaniya və Azərbaycan futbolçuları arasında səviyyə fərqi çox böyükdür. Bununla belə, milli komandamız belə ağır məğlubiyyətə layiq idi? Yəni, Azərbaycan yığması həmin gün çoxmu zəif idi?
- Elə fikirləşmirəm ki, Azərbaycan yığmasının oyunu zəif idi. Sadəcə, hesab edirəm ki, indi İspaniya yığmasında çox güclü futbolçular yer alıb. Belə oyunçularla istənilən məşqçi daha yüksək vəzifələri yerinə yetirə bilər. Əgər ispanlar qarşılarına məqsəd qoysa ki, rəqibə 3-4 yaxud 6 qol vurmalıyıq, onlar bu vəzifəni yerinə yetirə bilərlər. Fərqi yoxdur rəqib Azərbaycan, Ukrayna, Polşa, Çexiya, yaxud başqasıdır. Bir sözlə, indi ispanlarla bərabər səviyyədə oynamaq çox çətindir. Onların bir az bəxti də gətirdi. Oyunun əvvəlində futbolçunuz uzaq məsafədən qapıya dəqiq zərbə vurdu və İker Kasilyas kimi qapıçı məharətlə bunu dəf etdi. O, demək olar topu “doqquzluq”dan çıxartdı. Bu həm Kasilyasın ustalıq səviyyəsidir, həm də bəxtin nəticəsidir. Təsadüfən demirlər ki, bəxt güclünün tərəfində olur. Bundan sonra ispanlar yaxşı hücumlar təşkil etdi, yaxşı imkanları oldu və qolları sıralamağa başladılar. Bu isə ustalıq səviyyəsinin göstəricisidir.

- Azərbaycan milli komandasında forma geyinən legionerlər arasında həmyerliniz, əslən Odessa şəhərindən olan Vladimir Levin də var idi. Onunla söhbətləşə bildinizmi?
- Yox, belə imkan olmadı. Düzdür, milliləşən legionerlərdən söz düşəndə, bizdə də beləsi var. Bu, Xarkovun “Metallist” klubunun serbiyalı futbolçusu Marko Deviçdir. Ancaq bu il hələ milli komandamıza cəlb olunmayıb. İndi Ukrayna vətəndaşlığını qəbul edib, yığmada oynaya bilər. Artyom Milevski əslən belaruslu olsa da, milli komandamızda çıxış edir.

- Yığmamızın Bakıda ən böyük hesablı məğlubiyyəti İspaniya ilə görüşdə baş verdi. Yəni, siz də bu oyunu idarə edən hakim kimi futbolumuzun, milli komandamızın tarixinə düşdünüz. Yəqin ki, Azərbaycanın tarixinə bu şəkildə düşmək istəməzdiniz?
- Düzünü desəm, hə. Mən yığmanızın nəticələrini izləməmişdim. Ancaq indi bəli, belə ağır təəssürat var. Bir az pis oluram ki, Azərbaycan milli komandasının öz meydanında ən böyük hesablı məğlubiyyəti mənim idarə etdiyim oyunla bağlıdır. Ancaq həyatdır da, qoy bu, milli komandanızın ən pis göstəricisi olsun. Ümid edirəm ki, daha belə ağır məğlubiyyətləriniz olmayacaq.

- Azərbaycan yığması üç il əvvəl Kiyevdə Ukrayna yığmasına yoldaşlıq görüşündə də 0:6 hesabı ilə uduzmuşdu. Maraqlıdır, həmin oyunu izləmişdinizmi?
- Tam təfərrüatı ilə yadımda olmasa da, nəticəni xatırlayıram. Bilirsiniz, belə məğlubiyyətlər heç nədən olmur.

- Ukrayna Futbol Federasiyasının Hakimlər Komitəsinin sədri Vadim Şevçenko həmyerlimizdir, əslən Bakıdandır. Onunla Azərbaycan – İspaniya matçını müzakirə etdinizmi?
- Mən Şevçenko ilə söhbətləşdim. Oyun haqda ətraflı məlumat verdim. Bizim onunla normal münasibətlərimiz var. Qayda belədir ki, xaricdən qayıdan hakim komitə rəhbərliyi ilə görüşür, səfəri ilə bağlı məruzə edir.

- Ölkəmizə gələn İspaniya Futbol Federasiyasının prezidenti Anhel Mariya Vilyar, həm də UEFA Hakimlər Komitəsinin sədridir. O, idarəçiliyinizi qiymətləndirib sizə gələcəkdə daha məsul oyunlara təyinat verə bilər. Onunla Bakıda görüşünüz oldumu?
- İspaniya Futbol Federasiyasının prezidentinin UEFA Hakimlər Komitəsinə də rəhbərlik etdiyini bilirdim. Ancaq onunla nə oyundan əvvəl, nə də sonra görüşdük. Bunu səmimi deyirəm.
0