“Avropa kəməri”ni qazanan ilk azərbaycanlı boksçu: Heç kimdən qorxmuram! - FOTO
12.06.2009 - 13:35
“Avropa kəməri”ni qazanan ilk azərbaycanlı boksçu: Heç kimdən qorxmuram! - FOTO
IBF versiyası üzrə “Avropa kəməri”ni qazanan ilk azərbaycanlı peşəkar boksçu Azad Əzizov bu gün mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, Əzizovla yanaşı, tədbirdə onun şərəfini qoruduğu LBN klubunun rəhbəri, boksçunun meneceri Yaşar Niftalıyev və Azərbaycan Peşəkar Boks Federasiyasının prezidenti Zahid Əliyev də iştirak edib.

Mayın 9-da polşalı Slavomir Ziemleviç üzərində qələbə qazanaraq, “Avropa kəməri”nə sahib çıxan Azad döyüşlə bağlı təəssüratlarını bölüşüb: “Döyüş heç də asan olmadı. Mən rəqibimə xal hesabı ilə qalib gəlib, kəməri qazandım”.

Əzizov əvvəllər həvəskar boks üzrə Azərbaycan yığmasının şərəfini qoruyub. Sonra isə peşəkar rinqdə döyüşmək qərarına gəlib: “Mənim həvəskar boksu peşəkara dəyişməyimdə əsas rolu Fariz Məmmədov oynayıb. Hələ yeniyetmə yaşlarımda Farizin döyüşlərinə baxıb həvəslənirdim və tezliklə peşəkar boksa keçəcəyimi qətiləşdirmişdim”.

Hazırda döyüşdüyü 63,5 kq çəki dərəcəsində 159-cu pillədə qərarlaşan həmvətənimiz bildirib ki, heç bir boksçudan qorxmur: “Əgər mən kimdənsə, ehtiyatlansaydım, qorxsaydım, rinqə çıxmazdım. Əsas məqsədim Azərbaycanda peşəkar boksu yüksək pillələrə qaldırmaq, ölkəmizi layiqincə təmsil etməkdir”.

Bu yaxınlarda həmvətənimiz “Dünya kəməri” uğrunda döyüşə dəvət olunsa da, razılıq verməyib. Onun meneceri Yaşar Niftalıyev rədd cavabını belə izah edib: “Azad “Avropa kəməri” uğrunda döyüşdən sonra istirahət etməli, özünə gəlməlidir. Bir döyüşə hazırlıq üçün 3 ay vaxt lazımdır. Əks təqdirdə, hazırlıq prosesi yaxşı sayılmır”.

Qaydaya əsasən, Azad 6 ay ərzində titulunu qorumalıdır. O, kəməri müdafiə döyüşünə oktyabrın 3-də çıxacaq. Döyüşün Bakıda təşkil olunacağı gözlənilir. Rəqib isə hələlik bilinmir. İdmançının şəxsi məşqçisi, Azərbaycan Peşəkar Boks Federasiyasının prezidenti Zahid Əliyev vurğulayıb ki, “Avropa kəməri”nin qazanılması münasibətilə gənclər və idman naziri Azad Rəhimovun qəbulunda olublar: “Bizi gənclər və idman nazirimiz Azad Rəhimov qəbul etdi. Müəyyən vədlər verdi”.
0