“Almaniyada elə yerlər var ki, Azərbaycan sözünü tələffüz edə bilmirlər”
12.06.2009 - 14:17
“Almaniyada elə yerlər var ki, Azərbaycan sözünü tələffüz edə bilmirlər”
“Almaniyada elə yerlər var ki, Azərbaycan sözünü tələffüz edə bilmirlər. Azad Əzizovun döyüşündən sonra bizə yaxınlaşıb, onun milliyyətini soruşurdular. Beləliklə, Azadın azərbaycanlı olduğunu öyrənir, onunla şəkil çəkdirir, əlcəyini hədiyyə alırdılar”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniyanın Maqdeburq şəhərində LBN adlı peşəkar boks klubu yaratmış Yaşar Niftalıyev deyib.

2007-ci ilin iyununda Almaniyada yaranmasına və fəaliyyət göstərməsinə baxmayaraq, LBN Azərbaycanı təmsil edir. Klubun tərkibində 4 azərbaycanlı boksçu - Rəşad İsmayılov (59 kq), Samir Həsənov (61,2), Azad Əzizov (63,5) və Rəşad Kərimov (79 kq) yer alıb. Eyni zamanda LBN-ə avropalı, afrikalı boksçular toplaşıb.

Niftalıyev vurğulayıb ki, 2 illik fəaliyyət dövründə klubda 4 dünya çempionu olub. Ötən ay isə Azad Əzizov IBF versiyasında “Avropa kəməri”ni qazanıb. Ölkəmizin ən peşəkar boksçusu Əli İsmayılovun LBN klubuna cəlb olunması ehtimalına toxunan Niftalıyev bunları söyləyib: “Bir müddət öncə belə söz-söhbət yayılmışdı ki, guya mən Əli İsmayılovu klubumuza çağırmışam, o isə imtina edib. Bunlar həqiqətəuyğun deyil. Əli yaxşı boksçudur. Lakin onun 35 yaşı var. Həm də o, başqa menecerlə işləyir. Döyüşə həm Azərbaycan, həm də Rusiya bayrağı ilə çıxır. Yaxşı olardı ki, əlində bir bayraq tutsun”.

LBN-nin prezidenti, həmçinin fəaliyyətlərinə zərər gətirən məqamlardan danışıb: “Biz Almaniyada ölkəmizin adını qaldırmağa çalışırıq, burada isə bəziləri peşəkar boksun səviyyəsini aşağı salmaqla məşğuldurlar. Yığılırlar bir zala, özləri üçün yarış keçirirlər, qeyri-adi iddialar irəli sürürlər. Peşəkar boksumuza zərbə vururlar. Bizim klubun ən zəifi belə onların ən güclüsünü 2-ci raundda nokaut edər. Belə halların qarşısı alınmalıdır. Peşəkar Boks Federasiyasının prezidenti Zahid Əliyevlə görüşümüzdə qərara almışıq ki, bu işin üstünə ciddi düşək”.
0