“İndi bizim 18 beynəlxalq dərəcəli hakimimiz var” - MÜSAHİBƏ
12.06.2009 - 15:58
“İndi bizim 18 beynəlxalq dərəcəli hakimimiz var” - MÜSAHİBƏ
Yarandığı gündən güləş idman növünün qaydalarında saysız-hesabsız dəyişikliklər edilib. Güləşin ilk qaydaları eramızdan əvvəl yaşamış yunanıstanlı atlet Tezeusun adı ilə bağlıdır. O vaxtlar qaydalar çox sadə idi - qalib gəlmək üçün rəqibin kürəyini 3 dəfə yerə vurmaq lazım idi. Maraqlı məqamlardan biri də həmin vaxtlar idmançıların çəki dərəcələri yox, yaş kateqoriyası üzrə yarışması idi. Müasir dövrümüzdə Beynəlxalq Güləş Federasiyaları Assosiasiyası (FILA) zamanın tələbinə uyğun olaraq, yarış qaydalarına müəyyən dəyişikliklər və əlavələr etməklə, bu idman növünü daha da müasirləşdirir. Bu yaxınlarda yeni qaydalara tətbiq edilməyə başlanılıb. Dəyişikliklərlə bağlı Azərbaycan Güləş Federasiyasının Hakimlər Kollegiyasının sədri Əjdər Cəfərov qurumun mətbuat xidmətinə müsahibə verib. Apasport.az saytı müsahibəni oxuculara təqdim edir.

- Hazırda güləş yarışları hansı qaydalar əsasında keçirilir? Qaydalara nə kimi əlavələr edilib?
- 2008-ci il yay olimpiya oyunlarından əvvəl Pekində FİLA-nın konqresi keçirildi. Tədbirdə çıxış edən büro üzvləri əsasən yunan-Roma güləşinə dəyişikliklər edilməsi ilə bağlı öz təkliflərini verdilər. Konqresdə bu təkliflərə baxıldı və 2009-cu il yanvar ayından etibarən yarış qaydalarına əlavələr edilməsi qərara alındı. Bu əlavələr Vilnüsdə keçirilən Avropa çempionatı da daxil olmaqla, bir sıra yarışlarda tətbiq edildi və özünü doğrultduğu üçün tam təsdiqləndi.

- Əlavələr nədən ibarətdir?
- Bildiyiniz kimi, yunan-Roma güləşində idmançılar 1 dəqiqə ayaq üstündə mübarizə apardıqdan sonra növbə ilə 30 saniyə parter vəziyyətində otururdular. Yeni əlavələrə görə, indi ayaq üstündə mübarizə 1 dəqiqə 30 saniyə davam edir. Əgər idmançılardan heç biri xal qazanmayıbsa, o zaman 1-ci hissədə qırmızı geyimli, 2-ci hissədə isə göy geyimli idmançı 30 saniyə ərzində parter vəziyyətində olan rəqibinə qarşı fənd tətbiq etməyə çalışır və xal qazandığı halda həmin hissəni öz xeyrinə başa vurur. Müdafiə olunan idmançı rəqibinin fənd tətbiq etməsinə imkan verməzsə, onun aktivinə 1 xal yazılır və o, hissənin qalibi olur. 1 dəqiqə 30 saniyədə xal qazanan və ya hesab bərabər olarsa son aktiv hərəkəti edən idmançı hansı hissənin getməsindən asılı olmayaraq, son 30 saniyəni parter vəziyyətində olan rəqibinə qarşı hücumda olur və fənd tətbiq edə bilməsə belə, onun rəqibinə xal verilmir. Çünki hücum edən güləşçi artıq ayaq üstündə olan vəziyyətdə üstünlük əldə edib. Amma 3-cü hissənin 1 dəqiqə 30 saniyəsi ərzində tərəflərdən heç biri xal qazana bilməzsə, idmançıların ilk 2 hissədə topladığı xallara baxılır və parterdə kimin oturacağını xalı çox olan idmançı müəyyənləşdirir. Ola bilər ki, xallar bərabər olsun. Bu halda neçə xallıq fəndlərin yerinə yetirilməsi çox önəmlidir. Məsələn, ilk 2 hissədən sonra hesab 4:4-dür, amma idmançılardan birinin aktivində 3 xallıq fənd olduğu halda digəri bu xalları 1 xallıq fəndlərlə toplayıbsa, təbii ki, üstünlük 3 xallıq fənd yerinə yetirən idmançıya verilir. Bütün göstəricilər bərabər olduqda isə parterdə kimin oturacağını hakim püşklə müəyyənləşdirir.

- Bəs sərbəst və qadın güləşində qaydalara dəyişikliklər edilməyib?
- Xeyr. Ancaq indi sadalayacağım əlavələr hər 3 güləş növünə aiddir. Aktiv güləşdən qaçmağa görə, idmançıya görüş dayandırılmadan xəbərdarlıq edilir, yəni onun rəqibinə 1 xal verilir. Neytral vəziyyət olarsa, cərimənin nəyə görə verildiyi idmançıya izah edilir. Mübahisəli vəziyyət yaranan zaman artıq hakimlər öz istəkləri ilə görüşü saxlayıb videotəkrara baxa bilməzlər. Bunun üçün hər bir idmançıya hakimin qəbul etdiyi qərara etiraz etmək üçün bir imkan verilir və bu etiraz onun məşqçisi tərəfindən həyata keçirilir. Etiraz etmək üçün hakimlərə yaxınlaşmaq lazım deyil, sadəcə, məşqçilərin yanına qoyulmuş ağ rəngli paleti havaya qaldırmaq kifayətdir. Əgər görüş neytral vəziyyətdədirsə, hakim qarşılaşmanı dayandırır və etiraz edilən epizoda videotəkranın köməyi ilə aydınlıq gətirilir. Artıq videotəkrarı tək hakimlər deyil, həm də böyük ekran vasitəsilə arenada olan hər bir şəxs izləmək imkanına malikdir. Jürinin iştirakı ilə mübahisəli epizodla bağlı qərar verilir. Əgər etiraz haqlıdırsa, idmançının xalı verilir və məşqçinin etiraz üçün daha bir imkanı olur. Yox, əgər etiraz təmin olunmazsa, rəqib güləşçiyə 1 xal verilir və etirazı təmin olunmayan məşqçi növbəti dəfə etiraz etmək hüququndan məhrum edilir.

- Qaydalardakı əlavə və dəyişikliklərlə əlaqədar Azərbaycan Güləş Federasiyası hansı tədbirləri görür?
- Qaydalara edilən əlavə və dəyişikliklərlə bağlı FILA milli federasiyaları dərhal məlumatlandırır. Biz isə öz növbəmizdə bütün bunlarla bağlı hakimlərimiz, məşqçilərimiz və idmançılarımızla işlər aparır və onları bütün yeniliklərlə tanış edirik. Bunun üçün Azərbaycan Güləş Federasiyası rəhbərliyi bizə lazım olan bütün şəraiti yaradır. İşlərimizi yüksək texnologiyalar əsasında qurmuşuq, tez-tez hakimlər, məşqçilər üçün seminarlar təşkil edib, onları lazımi informasiya ilə təmin edirik. İşimizi düzgün qurmağımızın nəticəsidir ki, yeniyetmə və gənclər arasında Azərbaycan birinciliyi yarış qaydalarına yeni əlavələrlə, heç bir problem olmadan yüksək səviyyədə keçirildi. Çünki həm hakimlər, həm məşqçilər, həm də idmançılar vaxtında məlumatlandırılmışdı. Diqqət çəkən əsas məqam son vaxtlar beynəlxalq dərəcəli hakimlərimizin sayının xeyli artmasıdır. İndi bizim 18 beynəlxalq dərəcəli hakimimiz var. Onlar öz dərəcələrini artırmaq məqsədilə tez-tez seminarlarda iştirak edirlər, fərqi yoxdur bu seminar harada keçirilir - Avropada, Amerikada və ya Avstraliyada. Federasiya rəhbərliyi bunun üçün hakimlərimizə lazım olan şəraiti yaradır.
0