“Neftçi” klubuna yeni legionerlər gəlir - FOTO
13.06.2009 - 14:01
“Neftçi” klubuna yeni legionerlər gəlir - FOTO
Bu gün Bakının “Neftçi” klubunun jurnalının təşəbbüsü ilə dəyirmi masa keçirilib. Apasport.az saytının məlumatına görə, tədbirdə komandanın seleksiyaçı-məşqçisi Səmədağa Şıxlarov, fan-klubun üzvləri ilə yanaşı, mətbuat nümayəndələri də iştirak edib. Əsas müzakirə obyekti “Neftçi”nin ötən mövsümkü uğursuz çıxışı, problemlər, vəziyyətdən çıxış yolu və gələcək planlarla bağlı olub.

Tədbirin təşkilatçısı olan jurnalın məsul katibi Emin Tarverdiyev giriş nitqindən sonra sözü Şıxlarova verib. Veteran futbolçumuz mövzu barədə çıxış edib, həmçinin jurnalistlərin suallarını cavablandırıb. Bir müddət öncə Belarusda səfərdə olmuş Şıxlarov seleksiya işlərinə xüsusi diqqət yetirildiyini bildirib: “Belarusdan maraq dairəmizə düşən futbolçuları Almaniya və Rusiya klubları da istəyir. Onlar bu oyunçuları ələ keçirməkdə bizi üstələyə bilərlər. Ancaq işlərimizi tez görməyə çalışacağıq. Belarusun 21 yaşlılardan ibarət yığması Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb. Həmin üç futbolçunun iyunun 16-da İsveçdə start görüləcək məsul yarışda iştirakı gözlənilir”.

Baltikyanı ölkələrə səfər etmiş “Neftçi”nin baş məşqçisi Böyükağa Ağayev Litva - Rumıniya rəsmi görüşünü izləyib. Daha sonra çalışdırıcı Rusiyaya gəlib. Ağayev bu ölkədə birinci divizionun oyunlarına baxacaq və futbolçu seçimi ilə məşğul olacaq.

Şıxlarov iyunun 15-dən 30-dək yeni legionerləri Bakıya baxışa çağıracaqlarını söyləyib: “Yeni mövsümə hazırlıq üç mərhələdən ibarət olacaq. İlk mərhələni ölkə daxilində yaxşı təbiəti olan səfalı bir bölgəmizdə keçirmək nəzərdə tutulub. Orada fiziki, funksional hazırlıq üzərində çalışacağıq. İkinci mərhələ Türkiyə, son mərhələ isə Avropa ölkələrinin birində olacaq. Xaricə yollananadək transfer edəcəyimiz yeni legionerlərə böyük ölçüdə aydınlıq gələcək. Türkiyədə toplu çalışmalar və yoxlama oyunlarına xüsusi diqqət yetiriləcək. Avropadakı toplanış zamanı isə yeni mövsüm üçün tam heyət artıq müəyyənləşəcək”.

Fan-klubun rəhbəri Ceyhun Bədəlzadə, bu qurumun üzvləri ilə yanaşı, jurnalistlər də öz fikirlərini, tövsiyələrini bildiriblər. Sonda Tarverdiyev belə görüşlərin ənənə halını alacağını, ayda ən azı bir dəfə keçirməyi planlaşdırdıqlarını bildirib. Hər dəyirmi masa ayrı-ayrı mövzulara həsr olunacaq.
0