Fərid Mansurov Elnur Məmmədliyə yol göstərdi: İdmançı hər yerə getməz
18.06.2009 - 18:45
Fərid Mansurov Elnur Məmmədliyə yol göstərdi: İdmançı hər yerə getməz
Yunan-Roma güləşi üzrə olimpiya və dünya çempionu, Azərbaycan milli komandasının kapitanı Fərid Mansurovun Lent.az-a müsahibəsi

- 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına hazırlıq dövründə onurğa sütununuzdakı zədələrdən əziyyət çəkirdiniz. Hazırda zədə probleminiz yoxdur?
- Yunan-Roma güləşi elə bir idman növüdür ki, burada daim zədə ehtimalı var. Mən də zədələrdən özümü gözləyə-gözləyə məşqlərimi davam etdirirəm.

- Pekin olimpiadasında və aprelin əvvəllərində Litvanın paytaxtı Vilnüsdə keçirilmiş Avropa çempionatında zəif çıxışınızı nəzərə alsaq, demək olarmı ki, karyeranızda eniş başlanıb?
- Bəli, razıyam. Amma həmişə güclü qalmaq olmur. Mənim geriləməyimdə əsas səbəb zədələrdir. Peşəkar idmanda daim zədəsiz qalmaq mümkün deyil. Belimdəki zədələr üzündən müntəzəm müalicə kursu keçməyim və məşqlərdən uzaq düşməyim nəticələrimə də təsirsiz ötüşməyib.

- Yığmamızın kapitanı kimi komandaya gürcüstanlı mütəxəssis Otar Tatişvilinin böyük məşqçi təyinatını necə dəyərləndirərdiniz?
- Tatişvilini çoxdan tanıyıram. O, Gürcüstan millisində çalışdığı dövrdə beynəlxalq yarışlar zamanı həmişə görüşürdük. İdmançı kimi yaxşı çıxış edib, məşqçi kimi gözəl yetirmələri var. Tatişvili təkcə mənimlə deyil, komanda yoldaşlarımla da mehriban münasibətdə olub. Bir kapitan kimi onu deyə bilərəm ki, Azərbaycan Güləş Federasiyası Tatişviliyə etimad göstəribsə, bu addımı ölkəmizdə yunan-Roma güləşinin gələcək inkişafı naminə atıb. Məşqləri gözəl aparır, uşaqlar ondan razıdırlar. Bizdə istedadlı pəhləvanlar var. Tatişvilinin gəlişi yığmamızı daha yüksək səviyyəyə çatdırmaq və yeniyetmə güləşçiləri daha da həvəsləndirmək məqsədi daşıyır.

- Niyə məhz əcnəbi mütəxəssis? Məgər yerli məşqçilər onun qədər bacarmırlar?
- Yerli məşqçilərin bacarığını heç kimin şübhəsi ola bilməz. Olimpiya, dünya və Avropa çempionları, mükafatçılar veriblər. Amma hər məşqçinin bir məşq üsulu var. İdmançı bu gün bir, sabah isə digər məşq üsulu ilə qarşılaşdıqda, bu, onun daha da inkişaf etməsinə səbəb olur. Hər bir idmançının bir güləş stili olduğu kimi, hər məşqçinin də öz məşq qaydası var. Millimizin baş məşqçisi Elçin Cəfərov və böyük məşqçimiz Otar Tatişvilinin özlərinə məxsus məşq üsulları var. Bu üsulların qarışığı isə güləşçilərin daha da inkişafına xidmət edir.

- Belə ehtimal etmək olarmı ki, Tatişvili daha çox ağır çəkilərdəki problemlərin aradan qaldırılmasına çalışacaq?
- Bildiyimə görə, o, bütün komanda ilə işləməyə gəlib. Düzdür, yığmamızda 84 kq çəkidə yer alan Şalva Qadabadze Tatişvilinin yetirməsidir. O, yuxarı çəkilər üçün özü ilə bir neçə gürcüstanlı güləşçilər də gətirib. Həmin güləşçilər Gürcüstanın gənclərdən ibarət yığma komandasında çıxış ediblər. Amma bütün çəki dərəcələri ilə, o cümlədən, mənim özümlə də işləyir.

- Qarşıdakı yarışlara hazırlıq necə gedir?
- Təqribən 3 həftə öncə İtaliyada keçirilən beynəlxalq turnirdə çıxış etdik. Daimi çəki dərəcəmizdən yuxarı çəkilərdə çıxış etsək də, nəticəmiz pis alınmadı. Bu, öz qüvvəmizə baxış, yarış ab-havasını hiss etmə xarakterli bir turnir idi. Məşqlərimiz öz qaydasındadır. Komandada yaxşı əhval-ruhiyyə hökm sürür. Qarşıda iki mühüm yarışımız var. İyulun 17-19-da Bakı İdman Sarayında təşkil olunacaq Heydər Əliyevin xatirəsinə “Qızıl Qran-pri” turnirinin final mərhələsi və 21 – 27 sentyabrda Danimarkanın Kerlinq şəhərində baş tutacaq dünya çempionatına ciddi hazırlaşırıq.

- Bəzən ənənəvi çəkiniz olan 66 kq-da deyil, 74 kq-da çıxış etdiyinizin şahidi oluruq. Bəlkə Siz də cüdo üzrə olimpiya çempionu Elnur Məmmədli kimi yuxarı çəkidə mübarizə aparmağa hazırlaşırsınız?
- Xeyr, belə fikrim yoxdur. Sadəcə, bir neçə beynəlxalq turnirdə çıxış etmişəm. Bu da hər yarış öncəsi çəki salmaq istəməməyimlə bağlıdır.

- Siz Elnur Məmmədlidən fərqli olaraq, şou xarakterli tədbirlərdə görünmürsünüz. Bu, nə ilə bağlıdır?
- Mən də 2004-cü ildə olimpiya çempionu olduqdan sonra belə tədbirlərə çağırılmışdım. Amma getməmişdim. Bəlkə bu, kiməsə xoşdur, kiməsə yox. Mənim prinsipim belədir ki, idmançı hər çağırılan yerə getməməlidir. Elnur qardaşımız, dostumuzdur. Hələ olimpiya çempionu olmamışdan onunla tanış idik. Bəlkə də ona xoşdur, amma mən özlüyümdə şou tədbirlərinə getmirəm. Hər insanın bir xasiyyəti var.

- Sizi hansı tədbirlərə çağırmışdılar?
- O vaxtlar bir neçə reklamda çəkilməyə dəvət almışdım. Lakin imtina etdim. Bundan sonra hamı bildi ki, mən elə şeylərə gedən deyiləm.

- Bunun nəyi pisdir ki? Xaricdə məşhur idmançılar müntəzəm olaraq, reklamlara çəkilirlər...
- Nə bilim, vallah. Bəlkə mən köhnə fikirli insanam... Hər halda belə təklifləri qəbul edə bilmirəm, xoşlamıram.

- Əslən Gürcüstanın azərbaycanlılar yaşayan Borçalı bölgəsindənsiniz. Heç ata-baba yurdunuza gedib-gəlirsiniz?
- Xeyr, çoxdandır getmirəm. Bu da idmanla əlaqədardır. Təlim-məşq toplantıları və əsas yarışların çoxu yay aylarına düşdüyündən, kəndimizə gedə bilmirəm. Oraya da əsas getməli vaxt yay aylarıdır.
0