YAP-çı deputat: Olimpiya çempionlarımız həddən artıq bəslənilir
19.06.2009 - 16:38
YAP-çı deputat: Olimpiya çempionlarımız həddən artıq bəslənilir
Milli Məclisin üzvü Siyavuş Novruzov olimpiya oyunlarında qələbə qazanan Azərbaycan idmançılarını tənqid edib. Apasport.az saytının məlumatına görə, parlamentin iclasında “Bədən tərbiyəsi və idman haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat olimpiya çempionlarının həddən artıq bəsləndiyini deyib. Novruzov bildirib ki, onlar bir dəfə qalib gələndən sonra 10-15 kilo kökəlirlər: “Həmin çempionlar o qədər bəslənirlər ki, hətta özlərini Milli Qəhrəman səviyyəsində görür və başlayırlar özləri haqqında ciddi fikirləşməyə. Bu görə də yalnız bircə dəfə qalib gəlirlər. Amerikada isə bir çempion yeddi dəfə olimpiya uğurunu təkrar edir”.

Millət vəkili təklif edib ki, qanun layihəsinə idmançıların öz üzərlərində işləmələri məsuliyyətini qoyan müddəa əlavə olunsun.

Millət vəkili Adil Əliyev isə Azərbaycanda idmançılara ayrı-seçkilik qoyulduğunu deyib. Qanunla bağlı danışan deputat deyib ki, rəhbərlik etdiyi Azərbaycan Kikboksinq Federasiyasına münasibət birmənalı deyil: “İkili münasibət özünü xüsusilə rayonlarda daha çox göstərir. Mən qanunda bütün idmançılara eyni səviyyədə münasibət göstərilməsinin əksini tapmasını istəyirəm. Bütün uğur qazanan idmançılara bərabər münasibət olmalıdır. İndiki münasibət bizi qane eləmir”.
0