“Adi insanların yediyini biz yeyə bilmirik” - MÜSAHİBƏ
23.06.2009 - 14:23
“Adi insanların yediyini biz yeyə bilmirik” - MÜSAHİBƏ
Rövşən Bayramov builki Avropa çempionatında zəif çıxışının səbəbini açıqladı

Yunan-Roma güləşi üzrə 55 kq çəki dərəcəsində ikiqat Avropa çempionu və 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Rövşən Bayramovun Lent.az-a müsahibəsi

- Azərbaycan milli komandasına gürcüstanlı Otar Tatişvilinin böyük məşqçi təyinatı sizin üçün gözlənilməz olmadı?
- Xeyr, bizim komandaya Gürcüstandan böyük məşqçinin təyin olunacağından xəbərimiz vardı. Tatişvilini çoxdan tanıyırıq. Beynəlxalq yarışlar zamanı Otar Davidoviçi görürdük. Necə deyərlər, “salam-aleyküm”ümüz var idi. Əlbəttə, başqa ölkə nümayəndəsinin bizə məşq keçməsi çox xoşdur. Çünki o da öz bildiklərini, öz fikirlərini, təcrübəsini bizə aşılayacaq. Məşqlərimiz normal qaydada davam edir. Ümidvarıq ki, bundan sonra nəticələrimiz daha yaxşı olacaq. Ölkəmizin adını daim uca tutmaq üçün əlimizdən gələni edəcəyik.

- Amma sən daha çox baş məşqçi və Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərovun tələbəsi kimi tanınırsan...
- Elçin müəllim yığma komandada mənə daha çox dəstək verib, köməklik göstərib. Bunun nəticəsidir ki, müəyyən uğurlar əldə etmişik.

- Tatişvilinin əvvəlki məşqçilərinizdən hansı fərqli xüsusiyyətləri var?
- Bütün insanlar eyni ola bilməz. Hərənin bir xüsusiyyəti var. Federasiyamızın rəhbərliyi də Otar Davidoviçin məşqçilik sahəsində yaxşı xüsusiyyətlərinin olduğunu nəzərə alaraq, bu vəzifəyə təyin edib. Hər bir məşqçinin öz proqramı, məşq üsulları var. Hərə öz bildiyini, bacardığını yetirmələrinə öyrətməyə çalışır. İdmanda müəyyən xırdalıqlar var. Artıq özümüzdən yeni fəndlər icad edə bilmərik. Uşaq vaxtlarımızdan nə yığmışıqsa, odur. Biz artıq yunan-Roma güləşində peşəkar səviyyəyə çatmış, öyrəndiyimizi götürmüşük. Bundan sonra əsas işimiz fəndləri dəqiq, diqqətlə yerinə yetirməkdir. Buna idmanda “yontalanmaq” deyirlər. Bizi yontalayırlar da...

- İndiyədək neçə fənd yerinə yetirməyi öyrənmisən?
- Bütün fəndləri bilirəm, öyrənmişəm. Amma hərənin öz sevimli fəndləri var. Hansılar ki, yarışlar zamanı daim istifadə edilir və idmançı nəticədə qalib gəlir. Yarışlar zamanı heç də bütün fəndlərdən yararlanmaq olmur.

- Deyəsən, rəqibi belindən tutaraq, başın üzərindən yerə çırpmağı daha yaxşı yerinə yetirirsən?
- Bu, yarışın gedişindən asılıdır. Hansını fikirləşiriksə, hansını münasib görürüksə və qərar verə biliriksə, onu da yerinə yetiririk ki, xal alaq. Əlbəttə, elə bir məqamın yetişdiyini hiss etsəm, o fəndi də tətbiq edirəm. Bunu da müxtəlif vəziyyətlərdə – rəqibin belinə girdiyimiz və ya rəqib parterdə olduğu vaxt reallaşdırmağa çalışıram.

- Builki Avropa çempionatında uğursuz çıxışını yunan-Roma güləşi qaydalarındakı dəyişikliklərlə əlaqələndirmək olarmı?
- Mən belə deməzdim. Çünki qaydalar bütün dünyada dəyişib və hamıya eyni dərəcədə təsirini göstərməlidir. Əlbəttə, qaydaların dəyişilməsi bizə zərbə oldu. Çünki əvvəllər hər hissədə 1 dəqiqə güləşdikdən sonra rəqiblər hərəyə yarım dəqiqə parterə otururdu. İndi isə 1 dəqiqə 30 saniyə güləşdikdən sonra göy trikolu güləşçi parterə oturur. Qırmızı trikolu pəhləvan bu fürsətdən yararlanırsa, göy trikoluya həmin hissədə eyni imkan yaradılmır. Əvəzində o, növbəti hissədə rəqibini parterə oturda bilər. Ümumiyyətlə, son 5-6 ildə qaydalar çox dəyişilib. Əvvəllər 3 dəqiqə güləşirdik, sonradan 2 dəqiqə güləşdikdən sonra qollar altından girib, fənd tətbiq etməyə çalışırdıq. Daha sonra parter tətbiq olundu. Qaydalara dərhal öyrəşmək çətindir. Bunun üçün bir ilədək vaxt lazım gəlir.

- Elə isə zəif çıxışının əsas səbəbini nədə görürsən?
- Çətin sualdır. Avropa çempionatında sanki hissiyyatım itmişdi. Rəqibi döşəkdən çıxardığım vaxt özüm də bilmədən fəndə düşdüm. Parter vəziyyətində olduğum vaxt rəqib hücuma keçmək istəyərkən tələsdim. Ona görə də xəbərdarlıq aldım və mübarizəni dayandırdım. Hissiyyatımın itməsinin dəqiq səbəbini deyə bilmərəm. Bəlkə də bu, məşqlərin düzgün olmaması və ya yorğunluğumdan irəli gəlirdi. Qitə çempionatında çoxlu çəki salmışdım. Bundan da irəli gələ bilərdi. Bədənim bir qədər zəifləmişdi. Ona görə də hissiyyatım azalmışdı.

- Məgər qitə çempionatı öncəsi çəkin çox idi?
- Bəli. Bir az yeməyimə fikir verməmişdim. Deməzdim ki, bu, Pekin olimpiadasından sonra uzun müddət güləşməməyimlə bağlı idi. Olimpiadadan sonra da bir neçə turnirdə, Dünya Kubokunda çıxış etmişdim.

- Amma Azərbaycan çempionatında çıxış etmədin. Əvəzində öz çəkində medallar qazananları mükafatlandırmağın birmənalı qarşılanmadı...
- Ölkə çempionatında çıxış etməməyim ötən olimpiya tsiklində xeyli yarışa qatılmağımla əlaqədar idi. Hər yarış öncəsi çəki salırdım. Buna görə məşqçilər məni Azərbaycan çempionatından azad etdilər. Yarışı Fərid Mansurov və Vitali Rəhimovla birgə izlədiyimiz vaxt dedilər ki, hərə öz çəkisində ölkə çempionu olan pəhləvanı mükafatlandırsın. Ona görə mən də mükafat təqdim etdim.

- 55 kq çox aşağı çəki dərəcəsidir. Yəqin ki, 22 yaşında olan bir idmançı üçün bu çəkini qorumaq heç də asan deyil?
- Əlbəttə, asan deyil. 55 kq-da çıxış etmək üçün hər yarış öncəsi hardasa 5-6 kq çəki salırıq. Bu çəkini saxlamaq üçün ilboyu rejimdə olmaq lazımdır. Adi insanların yediyini biz yeyə bilmirik. Xəmir xörəklərindən uzağıq, əksər yeməkləri çörəksiz yeyirik. Çörək yeyirik, amma az miqdarda. Su az içirik.

- Belə rejimə dözə bilirsən?
- Bu, bizim işimizdir. Nəyisə əldə etmək üçün nəyisə qurban vermək lazımdır. Hansısa işin öhdəsindən gəlib, nəticə əldə etməkdən ötrü buralaradək gəlib çıxmışıqsa, dözməliyik.

- İdman naminə daha nəyi qurban vermisən və nə qazanmısan?
- Qazancım çox olub. İkiqat Avropa çempionu olmuşam, dünya və olimpiya mükafatçısı adını əldə etmişəm. Nəyi qurban verməyimə gəldikdə, adi insanlar kimi istirahət edə bilmirəm. Təlim-məşq toplantıları və yarışlar müddətində şənliklərdən, qohumlardan uzağıq. Aktiv istirahətimiz olmur. Yəni idmandan aralanaraq, 1 ayadək dincəlmək alınmır. Yalnız hansısa yarışdan sonra bir müddət yüngül məşqlər etməklə kifayətlənirik.

- Pekin olimpiadasından sonra verilən mükafatlar sayəsində demək olar ki, maddi şəraitini hərtərəfli təmin etmisən. Buna görə də idmandan ayrılaraq, biznes və ya başqa işlərlə məşğul olmağı düşünməmisən?
- Xeyr, o barədə fikirləşməmişəm. Çünki mənim elə də çox yaşım yoxdur ki, gənc ikən idmandan uzaqlaşım və bizneslə məşğul olum. İdmançı ömrü o qədər də uzun deyil. İstəməzdim ki, belə tezliklə idmandan gedim. Hətta idmançı karyeramı bitirdikdən sonra da idmanda qalmağa çalışacağam.

- İbadətlə məşğulsan?
- Xeyr, amma Allaha inanıram. Hər bir əziyyətimizdə Allah özü kömək olur.

- İndiyədək qazandığın vəsaitdən kasıblara əl tutmusan?
- Qırağa yox, qohum-əqrəbaya müəyyən problemlərinin həllində köməklik etmişəm.

- Ailə qurmaq haqda düşünmürsən?
- Hələ bu barədə düşünmürəm. İnşallah, 2012-ci il London Yay Olimpiya Oyunlarından sonra fikirləşərəm.

- Ümumiyyətlə, karyeranda pik nöqtəyə çatmısan?
- Hələ yox. İstərdim ki, bu il karyeramda ilk dəfə dünya çempionu, gələn il 3-cü dəfə Avropa çempionu olum, 2012-ci ildə olimpiya çempionluğunu qazanım. Bunlara nail olsam, zirvəyə çatdığımı deyə bilərəm.
0