Azərbaycan yığmasının heyəti açıqlandı
26.06.2009 - 19:20
Azərbaycan yığmasının heyəti açıqlandı
İyunun 30-da Gürcüstanın paytaxtı Tbilisidə start götürəcək gənclərin güləş üzrə Avropa birinciliyində iştirak edəcək Azərbaycan yığma komandalarının heyəti tam müəyyənləşib. Güləş Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, mötəbər yarışda ölkəmizin idman şərəfini 18 güləşçi qoruyacaq.

Yarışların ilk 2 günü gənc qızlar öz aralarında ən güclüləri müəyyənləşdirəcəklər. Yeniyetmə və gənc qızlardan ibarət yığma komandanın böyük məşqçisi Arif Fərmanovun rəhbərliyi altında Azərbaycan qitə birinciliyində 3 idmançı ilə təmsil olunacaq. Fatma Əhmədova 48, Nigar Əhmədova 51, Günay İsmayılova isə 55 kq çəki dərəcəsində yarışacaq.

Fərmanovun sözlərinə görə, yeniyetmə qızların gənclərin Avropa birinciliyində iştirak etməsində əsas məqsəd onların lazımi yarış təcrübəsi toplamalarıdır. Belə ki, adları çəkilən güləşçilərin iyulda Serbiyada keçiriləcək yeniyetmələrin Avropa birinciliyində də iştirakı planlaşdırılır. İyulun 2-3-də Tbilisidə böyük məşqçi Ağalar Aslanov və məşqçi Zöhrab Abbasovun rəhbərliyi altında döşək üzərinə 7 gənc yunan-roma güləşçimiz çıxacaq.

50 kq-da Xurşud Babaşov, 55-də Orxan Əhmədov, 60-da Həsən Əliyev, 66-da Rüstəm Əliyev, 74-də Elməddin Abdullayev, 84-də Murtuza Tağıyev və 96 kq çəki dərəcəsində Səbuhi Hümbətov onlara bəslənilən ümidləri doğrultmağa çalışacaqlar. Böyük məşqçi Ağalar Aslanovun sözlərinə görə, Quba olimpiya idman kompleksində təşkil olunan hazırlıq prosesinin lazımi səviyyədə aparılması məşqçilər korpusuna idmançılardan yüksək nailiyyətlər gözləməyə əsas verir. Avropa birinciliyinin son 2 günü, yəni iyulun 4-5-də isə döşək üzərinə sərbəst güləşçilər çıxacaqlar. Yığma komandanın böyük məşqçisi Arif Abdullayev və məşqçi Namiq Quliyev artıq seçimlərini ediblər – Azərbaycan Tbilisidə tam heyətlə təmsil olunacaq. Nicat Muradov 50, Azər Paşayev 55, Ağahüseyn Mustafayev 60, İbrahim Yusubov 66, Zaur Ələkbərov 74, Roman Bəkirov 84, Cəmaləddin Məhəmmədov 96, Aslan Cəbişov isə 120 kq çəki dərəcəsində Avropa birinciliyinin medalları uğrunda yarışacaqlar.

Turnir öncəsi Masallı olimpiya idman kompleksində Dağıstan güləşçiləri ilə birgə təlim-məşq toplantısında iştirak edən yığmamızın böyük məşqçisi Arif Abdullayev də mötəbər yarışdan vətənə uğurla dönəcəklərinə inanır.
0