“Bakı”dan şok transfer: Serjio Paşeku de Oliveyra da gəlir
01.07.2009 - 13:23
“Bakı”dan şok transfer: Serjio Paşeku de Oliveyra da gəlir
Azərbaycan çempionu “Bakı” Türkiyə çempionatının mükafatçısını transfer edir. Bu haqda apasport.az saytına komandanın vitse-prezidenti Tunc Afşar məlumat verib. Onun sözlərinə görə, ötən mövsüm “Sivasspor”un heyətində Superliqanın gümüş medalını qazanan braziliyalı oyun qurucusu Serjio Paşeku de Oliveyranın keçidi həll olunmaq üzrədir.

Maraqlıdır ki, Çempionlar Liqasında debüt etməyə hazırlaşan Sivas təmsilçisinin prezidenti Məcnun Otyaxmaz 28 yaşlı legionerlərin Bakının “İnter” klubuna keçidinin rəsmiləşdiyini bildirmişdi. Afşar bu məsələyə aydınlıq gətirib: “Əslində, onu “İnter” yox, biz transfer etmək fikrindəyik. Türkiyədə Bakı klubu deyəndə “İnter”i yada salaraq, komandanın adını səhv salıblar. Serjio hələ qışdan maraq dairəmizdə idi. Sadəcə, həmin vaxt “Sivasspor” böyük məbləğdə pul istədiyi üçün transfer edə bilmədik. Serjionu braziliyalı hücumçumuz Vilyam Roşa Batista yaxşı tanıyır. O, həmyerlisini çox tərifləyir, transfer etməyi məsləhət görmüşdü. Paşekunu mən də yaxşı tanıyıram. Düzdür, braziliyalının “Sivasspor”la hələ bir illik müqaviləsi var. Ancaq bu dəfə transferə ciddi əngəl yoxdur və braziliyalının keçidi bizə münasib qiymətə başa gələcək. Transfer haradasa 80 faiz həll olunub. Qalıb 20 faiz ki, onu da yaxın günlərdə həll edəcəyik”.

Vitse-prezident Serjionun keçidini həll etmək üçün bu gün axşam saatlarında vətəninə yollanacağını söyləyib: “Braziliyalı bu gün İstanbula gəlməlidir. Onunla orada görüşəyəm. Oyun qurucusu kimi bizə Çempionlar Liqasında, eləcə də digər yarışlarda çox kömək edə bilər. Hər halda, hələ 28 yaşı var, 5 il Hollandiyada, 2 il Ukrayna yüksək liqasında çıxış edib. Ötən mövsüm isə “Sivasspor”un heyətində gümüş medal, Çempionlar Liqasına vəsiqə qazanıb. İnşallah, bu nüfuzlu turnirdə bizim komandada çıxış edər”.

Qeyd edək ki, 18 yaşından Avropada çıxış edən Paşeku 10 il ərzində Hollandiyada “Breda” və “Roda”, Ukraynada isə Donetsk “Metallurq”unda oynayıb. Son mövsümü “Sivasspor”da keçirən legioner 5 oyuna çıxıb. 1,73 metr boya malik Serjio “Bakı”nın gürcü hücumçusu Georgi Demetradzeyə də yaxşı tanışdır. Belə ki, 33 yaşlı Demetradze iki il “Metallurq”da onunla bir yerdə oynayıb.
0