Natalya Məmmədova “Dinamo”ya keçdi
08.07.2009 - 10:55
Natalya Məmmədova “Dinamo”ya keçdi
Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandasının lideri Natalya Məmmədova Rusiyanın Krasnodar şəhərini təmsil edən “Dinamo” klubu ilə müqavilə bağlayıb. Lent.az-ın məlumatına görə, bu haqda Rusiya yığmasının üzvü Anna Makarova “Ves sport” agentliyinə açıqlama verib.

Yenicə Rusiya çempionatının yüksək liqasına vəsiqə qazanan “Dinamo”ya Makarova Məmmədova ilə birgə transfer olunub. Eyni zamanda Rusiya millisinin heyətində 2006-cı ildə dünya çempionu adını qazanan Yuliya Merkulova da Krasnodar komandasında çıxış edəcək.

Makarova Məmmədovanı hələ 2004-cü ildə Ukraynanın gənclərdən ibarət yığmasının heyətində birgə çıxış etdikləri vaxtdan tanıdığını açıqlayıb: “Həmin il biz Avropa birinciliyində gümüş medal qazandıqdan sonra Nataşa Azərbaycana yollandı və bu ölkənin vətəndaşlığını qəbul etdi. Mən isə Rusiyaya yollandım. Mən yalnız bu il Rusiya millisində çıxış etməyə razılıq aldım. Biz Nataşa ilə daim əlaqə saxlamışıq və yenidən birgə çıxış edəcəyimiz üçün çox şadıq”.

Qeyd edək ki, ötən mövsüm Türkiyənin “Türk Telekom” klubunda çıxış etmiş Natalya Məmmədova əvvəllər 3 dəfə Çempionlar Liqasının ən məhsuldar voleybolçusu seçilib.
0