“Rəşad Sadıqovla anlaşa bilsək, super olar”
09.07.2009 - 11:26
“Rəşad Sadıqovla anlaşa bilsək, super olar”
“Müdafiədəki boşluqları azərbaycanlı futbolçu Rəşad Sadıqov və “Kasımpaşa”dan Evren Kürkçü ilə doldurmaq istəyirik. Hər iki oyunçu ilə danışıqları davam etdiririk”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Türkiyənin “Kocaelispor” klubunun yeni baş məşqçisi Cihat Arslan deyib.

Az öncə İzmit təmsilçisinin sükanı arxasına keçən türkiyəli çalışdırıcı milli komandamızın 27 yaşlı kapitanı Rəşad Sadıqovu sərəncamında görməyə israrlıdır. Türkiyə çempionatının birinci liqasına düşən “Kocaelispor” ötən qış ”Neftçi”dən transfer etdiyi Rəşadla yeni müqavilə bağlamaq istəyir: “Çatışmazlıqlarımız çoxdur, amma faydalı çalışmalar edirik. Bəlli nöqtəyə gətirdiyimiz 4-5 futbolçu var. Şənbə gününədək məsələnin həllinə nail olacağımızı düşünürəm. İlk növbədə müdafiədəki problemlərimizi yoluna qoymalıyıq. Rəşad və Evrenlə anlaşa bilsək, super olar. Bu iki futbolçunu çox yaxşı tanıyıram. Onlarla ilkin danışıqlar müsbət nəticələnib”.

Qeyd edək ki, qışda Rəşadla birgə “Kocaelispor”a keçən Ramal Hüseynov artıq klubla üç illik rəsmi müqavilə imzalayıb. Hazırda “Qarabağ”ın düşərgəsində məşq edən Sadıqov isə praktiki olaraq, klubsuzdur. O, “Qarabağ”a Avroliqa oyunlarında kömək etdikdən sonra özünə yeni iş yeri tapmağı düşünür.
0