Bakıda çempion ol, 10 min dollar qazan!
10.07.2009 - 15:25
Bakıda çempion ol, 10 min dollar qazan!
İyulun 17-də Bakı İdman Sarayında Heydər Əliyevin xatirəsinə həsr olunmuş sərbəst, yunan-Roma və qadın güləşi üzrə “Qızıl Qran-pri” turnirinin final mərhələsi start götürəcək. Ardıcıl ikinci dəfə Azərbaycan paytaxtında keçiriləcək turnirdə 30-dan çox ölkənin 400-dək pəhləvanı iştirak edəcək. Lent.az-ın məlumatına görə, bu haqda jurnalistlərə Azərbaycan Güləş Federasiyasının (AGF) I vitse-prezidenti Namiq Əliyev açıqlama verib.

Federasiya rəsmisi ötən illə müqayisədə, turnirin nüfuzunun daha da artdığını söyləyib: “Qızıl Qran-pri” turnirinin final mərhələsi get-gedə nüfuzunu artırır, çox ənənəvi hal alır. İştirakçıların sayı da yüksəlməkdədir. Ötən ilki yarışa 200-dək güləşçi qatılmışdısa, bu dəfə ikiqat artıq pəhləvan iştirak edəcək. Onların arasında dünyanın ən tanınmış güləşçiləri də olacaq. Biz 30-dan çox ölkənin iştirakını gözləyirik. Rusiya yığması da güclü heyətlə gələcək. Düzdür, bu yaxınlarda Rusiya çempionatı olub. Orada aparıcı pəhləvanlar çıxış ediblər. Amma hər halda bizə göndərilən siyahıda güclü pəhləvanların adları göstərilib”.

Əliyev “Qızıl Qran-pri” turnirinin final mərhələsinə 21–27 sentyabrda Danimarkada keçiriləcək dünya çempionatı öncəsi sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandalarımızın formalaşdırılması baxımından önəmli yarış kimi yanaşdıqlarını da bildirib: “Bu turnirin qalibləri ölkəmizi dünya çempionatında təmsil edəcəklər. Ona görə də “Qızıl Qran-pri” turnirinin final mərhələsində güləşçilərimizin uğurla çıxış edəcəklərinə ümidlərimiz böyükdür”.

Yarışın ilk günündə döşək üzərinə yunan-Roma güləşçiləri çıxacaqlar. Ertəsi gün qadın güləşçilər mübarizəyə qoşulacaqlar. İyulun 19-da isə döşək üzərinə sərbəst güləşçilər çıxacaqlar. Hər bir növ üzrə 7 çəki dərəcəsində qalib və mükafatçılar müəyyənləşəcək. AGF-nin I vitse-prezidenti bildirib ki, hər çəkidə qalibə 10 min dollar, finalçıya 5 min dollar, bürünc medalların sahiblərinə isə 3 min dollar mükafat veriləcəyini açıqlayıb: “Ötən il “Qızıl Qran-pri” turnirinin final mərhələsinin qaliblərinə 5 min dollar mükafat vermişdik. Sonradan Dağıstanda keçirilmiş Əli Əliyevin xatirə turnirində də qalibə bu qədər mükafat təqdim olundu. Bu məqamı və Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının mükafat məbləğlərinə yenidən baxılması təklifini nəzərə alaraq, pulun həcmini ikiqat artırmağa qərar verdik. Bununla həm də yarışa ən güclü idmançıların gəlişini təmin etdiyimizi düşünürük. Digər güləş turnirlərində mükafat fondu artırılırsa, biz də məbləğə yenidən baxmağa məcburuq”.
0