“Azərbaycan 3-4 qızıl medala ümid edir”
10.07.2009 - 16:31
“Azərbaycan 3-4 qızıl medala ümid edir”
“Heydər Əliyevin xatirəsinə həsr olunan “Qızıl Qran-pri” turnirinin final mərhələsində ümumi komanda hesabında mükafata layiq yerlərdən birinə və 3-4 qızıl medala ümid edirik”.

Lent.az-ın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında sərbəst güləş üzrə Azərbaycan milli komandasının baş məşqçisi Maqomedxan Aratsilov deyib.

Dağıstanlı mütəxəssis yığmamızın iyulun 17-də start götürəcək turnirin yekun mərhələsinə qədəm qoyduğunu bildirib. “Qızıl Qran-pri” turnirinin final mərhələsini nüfuzlu yarış kimi dəyərləndirən Aratsilov iştirakçı ölkələrin güclü heyətlə təmsil olunacaqlarını söyləyib. Artıq ABŞ-ın əsas yığması Bakıdadır və bu gün Bakı İdman Sarayında yığmamızla birgə təlim-məşq xarakterli görüşlərdə iştirak edib.

Baş məşqçi millimizin yüksək səviyyəli hazırlığı üçün bütün lazımi şəraitin yaradıldığını da vurğulayıb. Onun fikrincə, bütün güləşçilərimiz mükafata layiq yerlər uğrunda mübarizə aparmağa həm fiziki, həm də mənəvi baxımdan hazırdırlar: “İstərdik ki, bu turnirə daha çox pəhləvanımız buraxılsın. Beynəlxalq Güləş Federasiyaları Assosiasiyası məhdudiyyət qoymasa, yarışa ən azı 4 heyətlə qatılmaq istərdik. Çünki uşaqlar turnirə çox məsuliyyətlə yanaşıblar, böyük əziyyət çəkiblər. Fikrimcə, yaxşı nəticələr də göstərəcəklər”.

Hazırda heyətdə heç bir ciddi itkinin olmadığını deyən Aratsilov dizindən əməliyyat olunan Namiq Sevdimovun da məşqlərə başladığını diqqətə çatdırıb.

Qeyd edək ki, “Qızıl Qran-pri” turnirinin final mərhələsində sərbəst güləşçilər iyulun 19-da mübarizə aparacaqlar.
0