Elçin Cəfərov söz verdi
13.07.2009 - 16:50
Elçin Cəfərov söz verdi
Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandası iyulun 17-də Bakıda start götürəcək Heydər Əliyevin xatirəsinə “Qızıl Qran Pri” turnirinin final mərhələsinə 3 heyətlə qatılacaq. Bu haqda Lent.az-a Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti və yunan-Roma güləşi üzrə milli komandamızın baş məşqçisi Elçin Cəfərov məlumat verib.

Onun sözlərinə görə, Bakı İdman Sarayında keçiriləcək yarışa Quba Olimpiya Kompleksində yığmamızın gürcüstanlı böyük məşqçisi Otar Tatişvilinin rəhbərliyi altında hazırlaşır. Cəfərov yarışda komandamızın bütün üzvlərinin iştirak edəcəklərini açıqlayıb: “Qızıl Qran Pri” turniri bizim üçün 21-27 sentyabrda Danimarkada keçiriləcək dünya çempionatına seçim xarakteri daşıyır. Burada zədə problemi olmasa, hər çəkidə ən yüksək nəticəni göstərəcək pəhləvanlar mötəbər yarışda ölkəmizin şərəfini qoruyacaqlar. Ona görə də bütün aparıcı güləşçilərimizin “Qızıl Qran Pri” turnirinin final mərhələsində iştirakı vacibdir. Eyni zamanda, Avropa birinciliyində Azərbaycanın şərəfini qoruyan gənc pəhləvanlarımızı da sınaqdan çıxarmağı nəzərdə tutmuşuq. Ümumiyyətlə, il ərzində nəticə göstərmiş perspektivli idmançılardan heç biri qarşıdakı beynəlxalq turnirdən kənarda qalmayacaq”.

Hazırda heyətdə heç bir zədəli güləşçinin olmadığını deyən baş məşqçi “Qızıl Qran Pri” turnirinin final mərhələsinə hazırlığın yüksək səviyyədə olduğunu vurğulayıb. Yığmamız iyulun 15-də Bakıya qayıdacaq.
0