“Ən azı nəticə təkrarlanmalıdır”
15.07.2009 - 00:21
“Ən azı nəticə təkrarlanmalıdır”
“Güləşçilərimiz “Qızıl Qran-pri” turnirinin final mərhələsində ən azı bu il Avropa çempionatında göstərdikləri nəticəni təkrarlamalıdırlar”. Bu sözləri Lent.az-a açıqlamasında Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev deyib.

Sərbəst güləş üzrə dünya çempionunun fikrincə, sərbəst, yunan-Roma və qadın güləşçilərimiz onlar üçün yaradılan hərtərəfli şəraitin qarşılığında yüksək nəticələr göstərməlidirlər: “Düzdür, Avropa çempionatından fərqli olaraq, “Qızıl Qran-pri” turnirinin final mərhələsinə digər qitələrdən də pəhləvanlar qatılacaqlar. Amma artıq qitə çempionatından 3 aydan çox vaxt keçib. Bu müddətdə güləşçilərimiz ustalıq səviyyələrini daha da artırmaq üçün təlim-məşq toplantıları və beynəlxalq turnirlərdə çıxış ediblər. Ona görə də Pəhləvanlarımızın Avropa çempionatındakı nəticəni təkrarlamalarına heç bir maneə görmürəm”.

Qeyd edək ki, Azərbaycan güləşçiləri 31 mart – 5 apreldə Litvanın paytaxtı Vilnüsdə keçirilmiş Avropa çempionatında 5 qızıl, 2 gümüş, 2 bürünc medal qazanıblar. Heydər Əliyevin xatirəsinə “Qızıl Qran-pri” turnirinin final mərhələsi 17 – 19 iyulda Bakı İdman Sarayında keçiriləcək.
0