Rövşən Bayramova “qızıl güləş ayaqqabısı” niyə verilməyib? - FOTO
16.07.2009 - 12:37
Rövşən Bayramova “qızıl güləş ayaqqabısı” niyə verilməyib? - FOTO
Bu gün Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının (FİLA) prezidenti Rafael Martinetti və Azərbaycan Güləş Federasiyasının (AGF) I vitse-prezidenti Namiq Əliyev “Excelsior” otelinin “Afurja” zalında birgə mətbuat konfransı keçiriblər. Lent.az-ın məlumatına görə, tədbir 17–19 iyulda Bakı İdman Sarayında keçiriləcək Heydər Əliyevin xatirəsinə sərbəst, yunan-Roma və qadın güləşi üzrə “Qızıl Qran-pri” turnirinin final mərhələsinə həsr olunub.

“Qızıl Qran-pri” turnirinin artıq 4 ildir ki, keçirilməyə başlandığını xatırladan Rafael Martinetti bildirib ki, Avropa və dünya çempionatları arasındakı müddətdə keçirildiyi üçün turnir ilk 2 ildə o qədər də populyar olmayıb. Amma “Qızıl Qran-pri” turnirinin üstün cəhəti odur ki, bu yarışda ilk iki mərhələnin yekununda güləşçiyə reytinq balları verilir. FİLA prezidenti qeyd edib ki, bu səbəbdən yarış Avropa və dünya çempionatlarından sonra güləşdə üçüncü populyar yarış sayılır.

İsveçrəli Rafael Martinetti “Qızıl Qran-pri” turnirinin mükafat fondu barədə də danışıb. Hər bir qızıl medala görə 10 min, gümüş medala 5 min, bürünc medala 3 min dollar mükafat verilir. Müasir dövrdə idmanın peşəkarlaşdığını söyləyən FİLA prezidentinin sözlərinə görə, yüksək peşəkarlığa malik idmançının hər yarışda iştirakını təmin etmək üçün stimullaşdırıcı vasitə kimi ona pul mükafatı vermək lazımdır: “Mənim həmyerlim Roje Federer tennisdə il ərzində 45 milyon dollardan çox pul qazanır. Bizim güləşçilərə verdiyimiz bu məbləği isə kiçik bir hədiyyə kimi qəbul etmək olar”.

FİLA prezidenti bu il keçirilmiş Avropa çempionatında 2008-ci ilin yekunlarına əsasən yunan-roma növündə “ilin ən güclü güləşçisi” seçilən azərbaycanlı Rövşən Bayramova “qızıl güləş ayaqqabısı” mükafatının verilməməsinə də aydınlıq gətirib. O, yenə də tennislə müqayisə aparıb: “Roje Federerin təkcə “Rolan-Qarros” turnirində qızıl medal qazanması o demək deyil ki, o, ilin ən güclü tennisçisidir. Güləşdə də belədir. Bunun üçün Avropa, dünya çempionatları və “Qızıl Qran-pri” turnirlərində də iştirak etmək lazımdır. Bu yarışların nəticəsində xallar yığılmalı və qalib müəyyənləşməlidir. Ruslar buna qarşı çıxmışdılar, deyirdilər ki, olimpiadada medal qazananlar ilin idmançısı seçilməlidirlər. Ruslar belə ağıllıdırsa, təkliflərini versinlər. FİLA-nın 2 rusiyalı üzvü bu qərarın əleyhinə çıxıblar, digər üzvlər isə qərarı dəstəkləyiblər. Mənim rusiyalı üçqat olimpiya çempionu Buvaysar Saytiyevə böyük hörmətim var. Amma Aleksandr Karelin və Aleksandr Medved də ilin ən güclüsü ola bilməyiblər. Bir neçə dəfə olimpiya çempionu olsalar da, ilin idmançısı seçilə bilməyiblər”.

O, “qızıl güləş ayaqqabısı” mükafatının sentyabrda keçiriləcək dünya çempionatında verilə biləcəyini dilə gətirib.

Rafael Martinetti AGF-in fəaliyyətindən də razılığını bildirib. FİLA prezidenti AGF-in qısa müddətdə böyük inkişafa nail olduğunu qeyd edib: “Əvvəllər gənc güləşçilər yetişmirdi, ofis də yox idi. Ancaq bu dəfə Dünya Kubokunda, Avropa çempionatında böyük uğurlara imza atılıb. Bu uğurda da Azərbaycan prezidenti İlham Əliyevin qayğısı, AGF prezidenti Fazil Məmmədovun güləşə can yandırması böyük rol oynayıb. İnkişaf baxımından AGF dünyada ən yaxşı federasiyadır. Güləşdə kütləviliyə nail olmaq üçün artıq jurnal buraxılıb, bütün regional bölmələrə paylanılmaq üçün DVD-lər hazırlanıb”. O, hər dəfə Bakıya gələndə böyük dəyişikliklər gördüyünü söyləyib: “Bakı bir neçə ildən sonra Rio-de-Janeyroya çevriləcək”.

FİLA prezidenti mətbuat konfransında güləş qaydalarına da toxunub. Onun sözlərinə görə, əvvəllər 3 dəqiqə olmaqla 3 dövrə olub. FİLA hissələrin sayını 2-yə endirib, hər dövrə də 2 dəqiqəyə qədər azaldılıb. Əgər bu 2 dövrənin hər birində idmançılardan biri qalib gəlibsə, o halda 3-cü dövrə keçirilir: “Hazırda yeni qaydalarda yeganə narazılıq doğuran məqam hər hissənin sonunda xallar bərabər olan zaman, püşk atılmasıdır. Ona görə də FİLA qərara alıb ki, 2012-ci il London Olimpiadasından sonra bu məsələyə baxaq”.

AGF I vitse-prezidenti Namiq Əliyev deyib ki, “Qızıl Qran-pri” turnirinin final mərhələsi sentyabrda Danimarkada keçiriləcək dünya çempionatına yollanacaq Azərbaycan yığma komandalarının heyətinin müəyyənləşdirilmək baxımından böyük əhəmiyyətə malikdir: “Əsas hədəfimiz London Olimpiadasında daha layiqli çıxış etməkdir”.
0