Rusiya yığması Bakıya niyə əsas heyətlə gəlmir?
17.07.2009 - 11:32
Rusiya yığması Bakıya niyə əsas heyətlə gəlmir?
Bu gün Bakı İdman Sarayında start götürən Heydər Əliyevin xatirəsinə “Qızıl Qran-pri” turnirinin final mərhələsinə Rusiyanın sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandaları əsas heyətlə qatılmayıb. Lent.az-ın Rusiya İdman Güləşi Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, şimal qonşularımız 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında çıxış etmiş pəhləvanlardan yalnız 1-ini Azərbaycan paytaxtına gətirib.

Bu, Pekin olimpiadasında 120 kq çəkidə gümüş medal qazanan Bəxtiyar Əhmədovdur. 31 mart – 5 apreldə Litvanın paytaxtı Vilnüsdə keçirilmiş Avropa çempionatında çıxış etmiş pəhləvanlardan isə sərbəst və qadın güləşçilərin əksəriyyəti Bakıda xalça üzərinə çıxacaq. Qitə çempionatında 4 qızıl, 1 bürünc medal qazanaraq, ümumi komanda hesabında I yeri tutan Rusiya yunan-Roma güləşçilərindən heç biri ölkəmizə gəlməyib. Əvəzində baş məşqçi Qoqi Koquaşvili 5 yeni “klassik” güləşçini sınaqdan çıxaracaq:

Rusiya yığmasının heyəti:

Yunan-Roma güləşi: Valeri Borqoyakov (55 kq), Aslan Abdullin (60 kq), Arunat Kuçinov (66 kq), Yevgeni Boqomolov (84 kq), Rüstəm Totrov (96 kq)

Qadın güləşi: Liliya Kaskarakova (48 kq), Yekaterina Krasnova (51 kq), Natalya Smirnova (55 kq), Olqa Kiosova (59 kq), Lyubov Volosova (63 kq), Yuliya Bartnovskaya (67 kq), Alyona Starodubtseva (72 kq)

Sərbəst güləş: Nəriman İsrapilov, Mahmud Maqomedov (hər ikisi 55 kq), Əhməd Çokayev (60 kq), Adam Batirov, Amir Berukov (hər ikisi 66 kq), Hacımurad Murtazaliyev, Zəlimxan Paranqayev (74 kq), Maqomed İbrahimov (84 kq), Alan Zaseyev (96 kq), Bəxtiər Əhmədov, Soslan Qaqloyev (hər ikisi 120 kq).

Qeyd edək ki, “Qızıl Qran-pri” turnirinin final mərhələsi iyulun 19-dək davam edəcək.
0