“Qızıl Qran-Pri”nin final mərhələsinə rəsmən start
17.07.2009 - 17:31
“Qızıl Qran-Pri”nin final mərhələsinə rəsmən start
Bu gün Bakı İdman Sarayında mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran-Pri”nin final mərhələsinin açılış mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, açılışda Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının (FİLA) prezidenti Rafael Martinetti, Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, digər rəsmi şəxslər və qonaqlar iştirak ediblər.

Tədbirdə qısa çıxış edən Martinetti yarış iştirakçılarını salamlayıb və onlara uğurlar arzulayıb. İsmayıl İsmayılov ölkəmizdə güləşin aparıcı idman növü olduğunu bildirib. Dövlətin idmana diqqət və qayğısını vurğulayan nazir müavini pəhləvanlara müvəffəqiyyətlər diləyib.

Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədov isə bildirib ki, turnirin mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunması heç də təsadüfi deyil: “Biz bununla da mərhum prezident Heydər Əliyevin ölkə idmanının inkişafında göstərdiyi müstəsna əməyin heç vaxt yaddan çıxmayacağının göstəririk. Əminəm ki, “Qızıl Qran-Pri”nin final mərhələsi, eləcə də gələn il Bakıda Avropa çempionatının təşkilatçılığı yüksək səviyyədə olacaq, yarışlar ədalətli mübarizə şəraitində keçiriləcək, qonaqlar Bakıdan xoş təəssüratlarla ayrılacaq”.

Qeyd edək ki, Azərbaycan, Belarus, Bolqarıstan, Kanada, Çin, Xorvatiya, Misir, Estoniya, Gürcüstan, Almaniya, Böyük Britaniya, Yunanıstan, Macarıstan, İran, Yaponiya, Qazaxıstan, Koreya, Qırğızıstan, Monqolustan, Norveç, Polşa, Rumıniya, Rusiya, Serbiya, Sloveniya, İsveç, İsveçrə, Tacikistan, Türkiyə, Ukrayna, ABŞ və Özbəkistan güləşçilərinin yarışdığı “Qızıl Qran-Pri”nin final mərhələsi iyulun 19-da yekunlaşacaq.
0