Bolqarıstanlı azarkeşlərdən “Bakı”ya inanılmaz dəstək!
20.07.2009 - 10:07
Bolqarıstanlı azarkeşlərdən “Bakı”ya inanılmaz dəstək!
Bolqarıstan MOİK-i “Bakı” klubuna dəstək çıxıb. Apasport.az saytının məlumatına görə, bu ölkənin ən titullu komandasının azarkeşləri Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində baş tuta biləcək “Bakı” – “Levski” görüşündə Azərbaycan çempionuna dəstək verməyə hazır olduqlarını bəyan ediblər. MOİK tərəfdarları bununla bağlı “Bakı”ya müraciət ediblər: "Bolqarıstanda yalnız bir komanda var, o da MOİK-dir. Biz sizin dostlarınızıq. “Levski” ilə oyunlarda komandanıza uğurlar arzulayırıq. Bu tərəflərə yolunuz düşsə, "Bakı"nı Sofiyada layiqincə qarşılamağa hazırıq".

Sofiyanı təmsil edən MOİK ilə “Levski” əzəli rəqiblər sayılır. Bu komandalar arasında derbi oyunlar prinsipiallığı ilə seçilir. Elə MOİK-lə “Levski”nin azarkeşləri də barışmaz rəqiblər olaraq, bir-biri ilə qarşıdurmadan çəkinmirlər. “Hərbçilər” qırmızı, “Levski” ilə göy rəngli geyimə üstünlük verirlər. 31 dəfə çempion olan MOİK bu göstəricidə “Levski”ni (26 dəfə) üstələyir. Elə bu komandaların tərəfdarlarında da “hərbçilər” üstünlük təşkil edir.

Sofiya klubları arasında münasibətləri gərginləşdirən son olay 2008-ci ilə yaşanıb. Həmin vaxt MOİK maliyyə pozuntularında günahkar bilindiyi üçün ÇL-dən kənarlaşdırıldı və onu bu turnirdə məhz “Levski” əvəzlədi. Bu, komandalar arasında gərginliyi daha da artırdı. “Levski” ÇL-nin üçüncü təsnifat mərhələsində Belarusun BATE klubuna uduzduğu üçün qrup mərhələsinə vəsiqə qazana bilmədi.

Qeyd edək ki, “Bakı” ÇL-nin üçüncü təsnifat mərhələsinə çıxarsa, “Levski” ilə ilk oyunu iyulun 28-i, yaxud 29-da evdə, cavab görüşünü bir həftə sonra Sofiyada keçirəcək.
0