“Qəbələ”də 3 yeni futbolçu
20.07.2009 - 10:34
“Qəbələ”də 3 yeni futbolçu
Növbəti mövsümün hazırlıqlarını davam etdirən "Qəbələ" üç futbolçu ilə münasibətlərini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, heyətə qoşulan yeni futbolçular yarımmüdafiənin sağ və sol cinahlarında çıxış edən Arif Daşdəmirov və Revaz Getsadze, eləcə də hücumçu İqor Melnikdir.

Hər iki gənc futbolçu ilə birillik müqavilə bağlanıb. 22 yaşlı Arif 2007-ci ildən ötən ilə qədər olimpiya yığmamızın şərəfini qoruyub. O, üçrəngli forma altında son matçını 2008-ci ilin sentyabrında Farer adalarına qarşı keçirib. Daşdəmirov indiyədək "Şahdağ", "MKT-Araz", "Masallı", "Olimpik" və "Standard"ın şərəfini qoruyub.

Gürcüstanlı yarımmüdafiəçi Revaz Getsadze isə azərbaycanlı azarkeşlərə yaxından tanışdır. Belə ki, sürətli cinah keçidləri ilə məşhurlaşan futbolçu ötən mövsümü Bakı "Olimpik"inin heyətində keçirib. Revaz "Olimpik"dən öncə vətənində "Olimpi" (2004-05, 2006-08) və "Borjomi"də (2005-06) çıxış edib.

Müqaviləyə imza atan digər futbolçu isə İqor Melnikdir. Hündür boylu (190 sm) ukraynalı hücumçu təkcə başla yox, həm də ayaqla yaxşı oyun sərgiləyir. 26 yaşlı forvardın son klubu "İliçevets" olub.
0