“Levski” ilə kim qarşılaşacaq: “Bakı”, yoxsa “Ekranas”?
20.07.2009 - 11:27
“Levski” ilə kim qarşılaşacaq: “Bakı”, yoxsa “Ekranas”?
Sabah Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin cavab görüşlərinə start veriləcək. Apasport.az saytının məlumatına görə, ölkəmizi bu turnirdə təmsil edən “Bakı” Litvanın “Ekranas” klubu ilə üz-üzə gələcək. Saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunda son çempionumuzun mərhələ adlayacağını böyük səbirsizliklə gözləyirik. Hər halda, “Ekranas”la səfərdə keçirilən ilk oyunda 2:2 hesablı heç-heçə üçüncü təsnifat mərhələsinə yüksəlmək şanslarını xeyli artırır.

Bunu reallaşdırmaq üçün “Bakı”ya təkrar oyunda hətta qolsuz, yaxud 1:1 hesablı heç-heçə də yetərlidir. Çünki iki oyunun nəticəsinə görə hesab bərabər olarsa, rəqib meydanında daha çox qol vuran komanda mərhələ adlayacaq. Ancaq təbii ki, azarkeşlər “Bakı”dan yalnız qələbə gözləyir və bu da təsadüfi deyil. Axı avrokuboklarda cari mövsümdə 4 təmsilçimizdən hələ heç kim qələbə qazanmayıb və bakılılar sabah bunu etməklə siftə edəcək. Əslində, makedoniyalı mütəxəssis Qyoko Hacıyevskinin çalışdırdığı komanda Panevejis şəhərində görüşdə qələbəyə çox yaxın olsa da, son saniyələrdə buraxdığı topla bunu əldən verdi. Həmin qolun müəllifi isə futbolsevərlərimizə çox yaxşı tanış olan litvalı hücumçu Valdas Trakis oldu. 2006/07 mövsümündə Bakının “İnter” klubunda çıxış edən, həmin vaxt da “Bakı”ya qarşı oynamış ucaboylu futbolçu bu dəfə Respublika stadionuna rəqib futbolçu kimi çıxacaq. “Ekranas”a mərhələ adlamaq üçün Bakıda mütləq qol vurmaq lazımdır və bu mənada Trakisə böyük ümidlər bəslənilir.

“Bakı” üçün sabahkı oyun daha bir cəhətdən mühüm əhəmiyyət kəsb edir. Məsələ ondadır ki, komandamız üçüncü təsnifat mərhələsinə çıxıb, orada Bolqarıstanın “Levski” klubuna uduzsa belə, avrokuboklarda mübarizəni davam etdirəcək. Yəni bu zaman “Bakı” ÇL-də çıxışını başa vurub, Avroliqada dördüncü təsnifat mərhələsinə vəsiqə qazanacaq. Göründüyü kimi, “Ekranas” səddini aşmaq Hacıyevskinin komandasına qitə miqyaslı turnirdə ən azı 4 oyun keçirəcəyinə zəmanət verir.
0