Azərbaycan yığmasının baş məşqçisi istefa verdi
20.07.2009 - 13:10
Azərbaycan yığmasının baş məşqçisi istefa verdi
Sərbəst güləş üzrə Azərbaycan yığmasının baş məşqçisi Maqomedxan Aratsilov istefa verib. Apasport.az saytının məlumatına görə, dağıstanlı mütəxəssis vətəninə qayıtmağa üstünlük verib.

“Mənimlə Azərbaycan Güləş Federasiyası arasında müqavilə yox, ancaq şifahi razılıq var idi. Buna görə də müqaviləmin bitdiyi haqda danışmaq olmaz. Mən sadəcə, Azərbaycanda fəaliyyətimi başa vurmağı qərara aldım. Bunun səbəbləri isə çoxdur” – deyə Aratsilov bildirib

Dağıstanlı məşqçi istefasına səbəb kimi bir çox amilləri göstərib: “İndi Azərbaycan yığması normal vəziyyətdədir. Məşqçilər var və fikrimcə, onlar dünya çempionatına normal şəkildə hazırlaşacaqlar. Bütün məşqçilər yanımda idilər və öyrəndilər. Federasiya rəhbərliyi əvəzimə kimi lazım bilsə dəvət edə bilər. Mənim isə burada işim alınmır. Çoxlu problemlər var”.

Aratsilov AGF rəhbərliyi ilə aralarında fikir ayrılığının olduğunu bildirib: “Müəyyən anlaşılmazlıqlar var. Uşaq deyiləm, buna görə də Azərbaycanda işimi başa vurdum. Demək olar 2 il özümü Azərbaycan yığmasına həsr etdim və bu zaman az da olmayan maddi itkilərə yol verdim. Hərçənd, evimdə daha çox qazanaram. Bu 2 ili xalqlarımızın dostluğuna həsr etdim və bundan peşman deyiləm. Bu gün artıq vətənimə qayıdacam”.

Extratime.az

Az öncə Azərbaycan Güləş Federasiyasından apasport.az saytına verilən məlumata görə, Aratsilovun istefası qəbul olunmayıb.
0