“Bakı”: Bakıda yenilməz batalyon!
20.07.2009 - 14:26
“Bakı”: Bakıda yenilməz batalyon!
“Bakı” klubu avrokuboklarda öz meydanında məğlubedilməzdir. Apasport.az saytının hesablamalarına görə, paytaxt təmsilçisi indiyədək evdə UEFA bayrağı altında keçirilən görüşlərdə uduzmayıb.

“Bakı”nın buna qədər üç il dalbadal Çempionlar Liqası (ÇL), UEFA kuboku, İntertoto kubokunun hər birində iştirak edib. Bu oyunların ilk ikisində qalib gələn paytaxt təmsilçisi sonuncudan heç-heçə ilə ayrılıb. Ancaq belə uğurlu çıxışa baxmayaraq, komandamız hər üç halda mərhələ adlaya bilməyib.

ÇL-ə ikinci dəfə qatılan “Bakı” indi bu uğursuz sindroma son qoymağa yaxındır. Bunun üçün səfərdə 2:2 hesablı bərabərliyə qaldığı Litvanın “Ekranas” klubu ilə Bakıdakı görüşdə uduzmamaq, yəni 0:0, yaxud 1:1 hesablı heç-heçə də yetərlidir. “Bakı” buna nail olacağı halda, eyni zamanda Tofiq Bəhramov adına Respublika stadionunda məğlubiyyətsiz oyunlar seriyamızı davam etdirəcək.

Belə ki, klublarımız artıq 8 ildir ÇL-də öz meydanında uduzmur. Sonuncu dəfə bu turnirdə “Şəmkir” Uelsin “Barri Taun” klubuna 0:1 hesabı ilə yenilib. “Bakı” ilə yanaşı, “Neftçi”, “Xəzər-Lənkəran” və “İnter” klubları nüfuzlu turnirdə Respublika stadionunda rəqiblərinə yenilməyib.


“Bakı” klubunun avrokuboklarda evdə keçirdiyi oyunlar

2005/06 mövsümü

UEFA kuboku, birinci təsnifat mərhələsi
“Bakı” (Azərbaycan) – “Jilina” (Slovakiya) – 1:0
Ceyhun Sultanov

2006/07 mövsümü
Çempionlar Liqası, birinci təsnifat mərhələsi
“Bakı” (Azərbaycan) – “Sioni” (Gürcüstan) – 1:0
Fərid Quliyev

2007/08 mövsümü
İntertoto kuboku, birinci mərhələ
“Bakı” (Azərbaycan) – “Daçiya” (Macarıstan) – 1:1
Maksim Andronik, öz qapısına
0