“Bu qələbə sağlam təməl və düzgün siyasətin bəhrəsidir”
21.07.2009 - 15:02
“Bu qələbə sağlam təməl və düzgün siyasətin bəhrəsidir”
“Avropa çempionatının seçmə mərhələsində çimərlik futbolu yığmamızın qələbəsi sağlam təməl və düzgün siyasətin bəhrəsidir”. Bu sözləri apasport.az saytına açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Ötən həftə İngiltərənin Maynhid şəhərində keçirilmiş Avropa çempionatının seçmə oyunlarında milli komandamızın çıxışını dəyərləndirən Məmmədov nəticəni yüksək qiymətləndirib. Baş katib vurğulayıb ki, qısa müddət ərzində bu sahədə böyük nailiyyətlər qazanılıb: “Ölkəmizdə çimərlik futbolu növünün inkişafı son 1 ilə təsadüf edir. Belə az vaxtda yığmamız son dərəcə böyük uğurlara imza atıb. İngiltərədəki uğur da bu qəbildən sayılır”.

Məmmədovun sözlərinə görə, ölkəmizdə çimərlik futboluna maraq ildən-ilə artır: “2008-ci ildə Mərdəkanda yeni stadion inşa edildi. Bundan sonra Çimərlik Futbolu Federasiyası tərəfindən ilk dəfə bu növ üzrə Azərbaycan çempionatı keçirildi və milli komandamız formalaşdı. Stadionun beynəlxalq standartlara uyğun olması Avropa Kubokunun final oyunlarının Bakıda keçirilməsinə geniş zəmin yaratdı. Yığmamız belə mötəbər turnirdə birinci dəfə iştirak etməsinə baxmayaraq, 3-cü yerə çıxdı. Bu il iyulun əvvəlində keçirilən növbəti milli çempionat da ölkəmizdə çimərlik futboluna marağın durmadan artdığını göstərir”.

Baş katib, həmçinin bu növü yaxşı perspektiv gözlədiyini söyləyib: “AFFA prezidenti Rövnəq Abdullayevin göstərişlərinə uyğun olaraq, çimərlik futbolunun inkişafı üçün də kompleks tədbirlər görülür”.

Qeyd edək ki, Maynhiddə gerçəkləşmiş seçmə mərhələdə yığmamız Almaniyaya 6:4, İngiltərəyə isə 4:3 hesabı ilə qalib gəlib. Qrupda birinci pillədə qərarlaşan milli komandamız Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.
0