3 ildən sonra ilk qələbə
21.07.2009 - 15:21
3 ildən sonra ilk qələbə
Üç illik fasilədən sonra “Gəncə” klubu “böyük futbol”a qayıdıb. Apasport.az saytının məlumatına görə, komanda ilk yoldaşlıq görüşünü keçirib. Ölkəmizin ikinci ən böyük şəhərinin təmsilçisi səfərdə “Göyəzən”i (Qazax) sınağa çəkib.

İlk hissədə hesab açılmasa da, gəncəlilər fasilədən dönən kimi fərqləniblər. Azər Məmmədovun başladığı hücumu İbrahim Hüseynov məhsuldar tamamlayıb - 1:0. Lakin matçın 67-ci dəqiqəsində “Göyəzən”li Azər Qazıyev tarazlığı bərpa edib. Hər halda, “Gəncə” 78-ci dəqiqədə İlqar Hüseynovun qolu sayəsində 2:1 hesablı qələbə qazana bilib.

"Gəncə"nin baş məşqçisi Fuad İsmayılov komandanın çıxışından razı qalıb: “Bəzi səhvləri nəzərə almasaq, futbolçularımız yaxşı oyun nümayiş etdirdilər. Bir neçə gün əvvəl komandaya qatılan Azər Məmmədov da gənc oyunçulara lazımi köməkliyini göstərdi. Belə yoldaşlıq görüşləri “Gəncə”nin güclü və zəif nöqtələrini müəyyənləşdirməyə, oyun taktikasının formalaşmasına imkan verir. Növbəti yoxlama matçını Zaqatalanın “Simurq” klubuna qarşı keçirməyi planlaşdırırıq”.

Qeyd edək ki, “Gəncə” 2009/10 mövsümündə Azərbaycan çempionatının I divizionunda mübarizə aparacaq.
0