“Bakı”ya qiymət verə bilmərəm”
21.07.2009 - 15:43
“Bakı”ya qiymət verə bilmərəm”
“Çempionlar Liqasının növbəti mərhələsində “Ekranas”, yaxud “Bakı” ilə görüşə üstünlük verdiyimi desəm, yalançı olaram. Çünki bu komandaların heç biri haqda məlumatım yoxdur və buna görə də rəqibə qiymət verə bilmərəm”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Bolqarıstanın “Levski” klubunun yarımmüdafiəçisi Vladimir Qacev deyib.

22 yaşlı futbolçu karyerasının ilk illərini Yunanıstan klublarında, o cümlədən “Panatinaikos”da keçirib. Vladimirin sözlərinə görə, Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Ekranas” (Litva), yaxud “Bakı” ilə oynamağın onun üçün fərqi yoxdur: “Mən bilmirəm, niyə biz onlar haqda qayğılanmalıyıq? Bu komandalardan hansı düşür-düşsün, əsas məsələ qələbə qazanmaqdır. Biz öz oyunumuzu göstərib, Çempionlar Liqasının qrup mərhələsinə bir qədər də yaxınlaşmalıyıq”.

Məlum olduğu kimi, Azərbaycanla Litva iqlimlərinə görə bir-birindən fərqlənir. Bizdə hava isti olduğu halda, Baltikyanı ölkədə soyuq hava hökm sürür. “Levski”nin gənc futbolçusu havasına görə Litvanı seçib: “Əlbəttə, soyuqda oynamaq daha yaxşı olardı. Çünki heç kim istidə oynamaq istəmir. Ancaq istənilən halda, biz özümüzə güvənməli, havadan bəraət qazanmaq kimi istifadə etməməliyik. Zəif rəqiblər yoxdur və əgər oyuna ciddi yanaşmasan, bunu cəzasını çəkəcəksən”.
0