Hafiz Məmmədov: “Levski” ilə oyunda da yaxşı nəticə qazana bilərik
22.07.2009 - 09:58
Hafiz Məmmədov: “Levski” ilə oyunda da yaxşı nəticə qazana bilərik
“Mərhələ keçməklə azarkeşlərimizin arzusunu reallaşdırdıq. Mən komandanın oyunundan çox razı qaldım, "Bakı" sübut etdi ki, səviyyəli komandadır. Rəqib heç də zəif deyildi, gördünüz ki, bizim futbolçular qonaqları ustalıq baxımından və funksional hazırlıqda üstələdilər. Çox şadam ki, bunu bacardıq. Ən əsası isə xalqımızı sevindirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun prezidenti Hafiz Məmmədov “Ekranas”la oyundan sonra söyləyib.

Görüşü rəqib komandanın prezidenti Auşris Labinasla birgə izləyən Məmmədov bildirib ki, vurulan hər qolu böyük sevinclə qeyd edib: “Hər qolu böyük coşğu ilə qeyd etdim. Bir sözlə, bu axşam emosialar kifayət qədər idi. Komandamızın qələbəsi bizi çox sevindirdi. Biz ilk mərhələni keçərək, irəli addım atdıq. "Levski" kimi nüfuzlu bir klubla oynayacağıq. İnanıram ki, yaxşı nəticə əldə edə bilərik. Bu axşam futbolçularımızın nümayiş etdirdiyi oyun belə düşünməyə əsas verir. Onlara təşəkkür edirəm, Azərbaycan xalqına sevincli anlar yaşatdılar”.

bakifc.az
0