Saşa Yunisoğlunun ehtiyatda qalmasının səbəbi bilindi
22.07.2009 - 11:14
Saşa Yunisoğlunun ehtiyatda qalmasının səbəbi bilindi
“Bakı”nın baş məşqçisi Qyoko Hacıyevski Saşa Yunisoğlunun ehtiyatda saxlamasına aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, 24 yaşlı mərkəz müdafiəçisinin adı Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Litvanın “Ekranas” klubu oyunların protokoluna daxil edilməyib. “Bakı” mövsümlərarası fasilədə iki əcnəbi müdafiəçi – serbiyalı Stevan Bateslə braziliyalı Barbozanı transfer etdikdən sonra arxa xətdə xeyli dəyişikliklər baş verib.

Yunisoğlu ilə yanaşı, müdafiənin mərkəzində çıxış edən kapitan Rafael Əmirbəyov ehtiyata düşüb. Digər mərkəz müdafiəçisi – moldovalı Aleksey Savinov isə sağ cinaha çəkilib. Müdafiədəki yerdəyişmələrdən Hacıyevski Saşa da daxil olmaqla əsas heyətdən kənarda qalanlara ruhdan düşməməyi tövsiyə edib: “Komandamızın hazırda uğurlu çıxışı, daha baxımlı oyun göstərməsində yeni futbolçuların böyük rolu var. Axtardığımız mövqelərə lazım olan transferləri həyata keçirə bildik. Sloveniyadakı hazırlıq prosesində keçirdiyimiz yoxlama oyunlarda müdafiədə daha çox Bates-Barboza cütünü oynatdıq. Oradakı futbol mütəxəssisləri, məşqçilər, menecerlər, jurnalistlər bu duetin yaxşı təsir bağışladığını qeyd etdilər. Elə “Ekranas”la oyunlar da Bateslə Barbozaya əbəs yerə güvənmədiyimizi göstərdi. Əgər Saşa müdafiənin cinahlarında çıxış edə bilsəydi, onu orada oynayardıq. Ancaq onun mövqeyi müdafiənin mərkəzi olduğu üçün belə vəziyyət alınıb. Ehtiyatda qalan futbolçularımız üzülməsinlər. Qarşıda bizi uzun marafon gözləyir. Yeni mövsümdə daha çox oyun, Premyer Liqa, ölkə kubokunun görüşləri olacaq. Narahat olmasınlar, hamı şans qazanacaq. Hər futbolçuya oynamaq imkanı yaradacağam”.

Vaxtilə milli komandamızı da çalışdıran 54 yaşlı makedoniyalı mütəxəssis yığma üzvlərini diqqətdə saxladığını, onların oyun praktikası qazanmasında maraqlıdır. Hacıyevski “Ekranas”la hər iki oyunda əsas heyətdə yer verdiyi 20 yaşlı yarımmüdafiəçi Bəxtiyar Soltanovu yığmaya namizəd sayır: “Heyətimizdə rəqabət gücləndiyi vaxtda Bəxtiyar əsas heyətə düşərək, özünü təsdiqləyir. Mən onun oyunundan razıyam. Sizə söz verirəm ki, Soltanov yaxın müddətdə super formada olacaq. Həmin vaxt o, milli komandaya da cəlb olunaraq, yaxşı futbolçu kimi özünü göstərəcək”.
0