“Rusenborq”un qapıçısı: “Qarabağ” küləyin sayəsində qol vurdu
24.07.2009 - 10:28
“Rusenborq”un qapıçısı: “Qarabağ” küləyin sayəsində qol vurdu
“Qol epizodunda mən düzgün mövqe seçmişdim. Sadəcə, külək topu 2-3 metr kənara, küncə tərəf apardı. Yəni, “Qarabağ” küləyin sayəsində qol vurdu”. Apasport.az saytının məlumatına görə, bu sözləri Norveçin “Rusenborq” klubunun qapıçısı Rune Almenninq Yarsteyn Avroliqanın ikinci təsnifat mərhələsində “Qarabağ”la görüşdən sonra deyib.

25 yaşlı futbolçu komandasının buraxdığı yeganə qolda günahının olmadığını bildirib. O, “Qarabağ”ın ünvanına xoş sözlər də işlədib: “Cütün taleyini ilk oyunda həll etməli idik. “Qarabağ”ın futbolçularını ayrı-ayrılıqda fərqləndirmək istəməzdim. Onlar kollektiv şəkildə qələbə qazandılar”.

“Rusenborq”un yarımmüdafiəçisi Antoni Annan isə məğlubiyyətdə özlərini günahkar sayıb: “Günahı özümüzdə axtarmalıyıq. Çünki ikinci hissədə əlverişli imkanlardan yararlana bilmədik”.

Qeyd edək ki, Norveçdən qolsuz bərabərliklə dönən “Qarabağ” cavab görüşündə “Rusenborq”a 1:0 hesabı ilə qalib gələrək, Avroliqanın üçüncü təsnifat mərhələsinə yüksəlib.
0