“Vaxt keçdikcə, adam daha da həyəcanlanırdı”
24.07.2009 - 11:40
“Vaxt keçdikcə, adam daha da həyəcanlanırdı”
Azərbaycan yığmasının kapitanı, Ağdamın “Qarabağ” klubunun müdafiəçisi Rəşad Sadıqovun müsahibəsi

- “Rusenborq” üzərində tarixi qələbə haqda fikirlərinizi bilmək istərdik...
- Çox sevinirik. Çünki belə ağır görüşdə vacib qələbə qazandıq. Bizdən üstün olan rəqib 90 dəqiqə hücum futbol oynadı. Bu gün əks-hücumlarımız bir az daha kəsərli idi. Səfərdəki matçda istədiyimiz kimi hücum qura bilmirdik. Bu da yeni mövsümün başlanğıcı, ilk rəsmi oyuna çıxmağımızla bağlı idi. “Rusenborq” isə artıq 15-20 oyun keçirmişdi. Allaha şükür ki, sonda yaxşı oldu, nəticə əldə etdik.

- Demək olarmı ki, cavab görüşü ilk oyundan çətin olmadı?
- Yox, birinci daha ağır oldu. Ancaq bu gün stress daha çox idi. Çünki nəticə adamı sıxışdırırdı. Dəqiqələr keçdikcə adam daha da həyəcanlanırdı. Düşünürdük ki, bir az qalıb, bir az qalıb, bu qələbəni əldən verməyək. Bundan qabaq “Nefçi”də Avstriyanın “Rid” klubu ilə UEFA kubokunda Respublika stadionunda keçirilən cavab görüşündə belə bir hadisə olmuşdu. Gəldik, gəldik, axırıncı dəqiqələrdə qol buraxdıq. Buna görə də yenə belə halın təkrarlanmasını istəmirdim.

- Deməli, 2 il öncə keçirilən həmin oyunu hələ də xatırlayırsınız...
- Bəli, 85-ci dəqiqədən sonra “Rid”i fikirləşirdim.

- Qarşılaşmadan əvvəl demişdiniz ki, ilk hissədə nə bizim, nə də rəqibin qol vurmasını istəyirsiniz. Ancaq elə alındı ki, fasiləyə az qalmış elə özünüz qol vurdunuz...
- Düz deyirsiniz. Ancaq elə paltardəyişmə otağına girəndə də dedim ki, kaş qolu ikinci hissədə vurardıq. Ancaq Allahın köməyi ilə hər şey yaxşı oldu. Özünüz də gördünüz ki, ikinci hissədə norveçlilər fəallaşdılar. Mən bunun belə olacağını bilirdim. Fasilədən sonra çox çətin oldu. Uşaqlar başını, ayağını, bədənin hər bir hissəsini topun altına atırdılar ki, təki qol buraxmayaq. Mətbuat nümayəndələrinə də minnətdarlığımı bildirirəm. Çünki mətbuat bizə çox inanırdı, çox həvəsləndirirdi. Elə azarkeşlər də. Uşaqlar da bunun qarşısında meydanda canlarını qoydular. Buna görə bütün komandaya minnətdarlığımı bildirirəm. Bəlkə də oyunun keyfiyyəti istədiyimiz kimi olmasa da, əsas mübarizə aparmağımızdır. Mən axırıncı dəfə Türkiyədə olanda həmişə bir sözü deyirdilər: pis oynamaq olar, amma pis mübarizə olmur. Bu gün uşaqlar orta oynadılar, yaxşı mübarizə apardılar.

- Vurduğunuz qolu necə xatırlayırsınız?
- Yadımda deyil, gərək təkrara baxam.

- Sizcə, bunda küləyin təsiri oldumu?
- Tanrının köməyi oldu, bunda mənlik bir şey yoxdur. Mən topu qapıya vurdum.

- Üçüncü təsnifat mərhələsində də “Qarabağ”a kömək etmək istərdinizmi?
- “Kocaelispor”la danışıqlara gedirəm. Klubun vitse-prezidenti bura gəldi, məni təbrik etdi. Onunla danışığım olacaq. Daha sonra isə “Qarabağ”ın rəhbərliyi ilə görüşəcəyəm. Bundan sonra ortaq məxrəcə gələcəyik. Hələ ki bilmirəm.

- Bəs “Qarabağ”da qalmaq istəyiniz varmı?
- Əlbəttə ki, belə bir qələbədən sonra komandada çıxışımı davam etdirmək istərdim. Artıq gələn həftə növbəti rəqiblə ilk oyun olacaq. Hələ ki dəqiq bir şey deyə bilmərəm. İndi nəsə söz verib, sonra yalançı çıxmaq istəmirəm.

- Növbəti rəqib haqda nə deyə bilərsiniz?
- Hələ ki tələsmirik, hazırkı qələbə haqda fikirləşirik. Bir gün tam istirahət edib, bundan sonra növbəti rəqibi fikirləşərik. Artıq 25 gündür, bir aya yaxındır ki, yalnız “Rusenborq” haqda fikirləşirdik. Bu, bizə çox təzyiq etdi, yorulduq.

- Finlandiyanın “Honka” klubunu da keçmək mümkündürmü?
- Biz “Rusenborq”la görüşdə də yalnız öz oyunumuz haqda fikirləşirdik. Meydana çıxıb, baş məşqçimizin tapşırıqlarını yerinə yetirmək haqda düşünürdük. Həm də böyük məsuliyyət var idi. Çünki komandada daha çox yerli futbolçular, milli komandanın bir neçə üzvü cəmləşmişdi. Bura həm əsas, həm də gənclər yığması daxildir.

- “Rusenborq” növbəti rəqibinizdən daha səviyyəli, adlı-sanlı komandadır. Sizcə, belə bir güclü rəqibi keçəndən sonra komandada boşalma yaranmaması üçün nə etmək lazımdır?
- Bunu çox yaxşı qeyd etdiniz. Əsas odur ki, boşalmayaq. Elə paltardəyişmə otağında da öz aramızda bu haqda danışdıq. Baş məşqçi Qurban Qurbanov da oyundan sonra paltardəyişmə otağına girən kimi dedi ki, çox sevinmək lazım deyil. Bir mərhələ keçmişik, ikincisinə az qalıb. Növbəti sınağa artıq bir həftə qalıb. Qısa istirahətdən sonra gündə iki dəfə olmaqla məşqlərə başlayırıq. Qətiyyən boşalmaq olmaz. Bir ay hazırlaşırsan, qələbə qazanırsan, bundan sonra istər-istəməz adamda rahatlaşma yaranır. Əsas odur ki, futbolçularımız bu məsələyə ciddi yanaşsınlar və çox boşalmasınlar.

- Oyundan sonra zədə ilə bağlı probleminiz yaranmadı ki?
- Bir az dizimdə ağrılar var.

- Növbəti oyunlara da gücünüz çatacaqmı? Bir həftəyə tam özünüzə gələ bilərsinizmi?
- İnşallah, yaxşı olar. Türkiyədə yaxşı hazırlıq prosesi keçdik. Bilirsiniz ki, komandaya fiziki hazırlıq üzrə türkiyəli mütəxəssis dəvət olunub. Türkiyədə böyük məşqçilərlə işləyib, tanınmış mütəxəssisdir. Bilirəm ki, Ziya Doğanla birgə çalışıb. Elə oyunda da özümü fiziki bazımdan çox yaxşı hiss etdik. Fikirləşirəm ki, növbəti oyunlarda da fiziki hazırlıq baxımından problem olmaz.
0