Ramal Hüseynov “Muğan”a 2 qol vurub, oyunu yarımçıq tərk etdi
24.07.2009 - 11:55
Ramal Hüseynov “Muğan”a 2 qol vurub, oyunu yarımçıq tərk etdi
“Muğan” Türkiyədəki hazırlıq prosesində ikinci yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Salyan təmsilçisi Bank Asiya birinci liqasına düşən “Kocaelispor”a minimal hesabla uduzub – 2:3.

İlk hissədə hesabın açılmağı görüşdə əsas hadisələr fasilədən sonra olub. İkinci yarı başlayan kimi “Kocaelispor”da bir sıra futbolçular əvəzlənib ki, yeni oyuna çıxanlar arasında Ramal Hüseynov da olub. Sonradan meydana çıxan Əli Bayraktar 57-ci dəqiqədə hesabı açdıqdan sonra səhnəyə Ramal çıxıb. 25 yaşlı yarımmüdafiəçimiz həmyerliləri ilə görüşdə özünü ən yaxşı tərəfdən göstərərək, ona yaxşı tanış olan komandaya 13 dəqiqədə (67 və 80-ci dəqiqələr) iki qol vurub. Bu arada, yəni 71-ci dəqiqədə “Kocaelispor”un sabiq futbolçusu Dəmir İbriç keçmiş komandasını cəzalandırıb. 89-cu dəqiqədə isə Zaur Həsənov “Kocaelispor”un qapısına yol tapsa da, bu, məğlubiyyətdən xilas olmağa kömək etməyib.

“Kocaelispor” oyunun son 10 dəqiqəsini azlıqda, 10 nəfərlə keçirməli olub. Belə ki, Ramal ikinci qolu vurandan sonra zədə aldığndan oyunu davam etdirə bilməyib və meydanı tərk etməli olub.

Qeyd edək ki, “Muğan” ilk yoxlama oyununda Türkiyənin “Diyabəkirspor” klubuna uduzmuşdu. Ziya Doğanın çalışdırdığı komandaya da məğlubiyyət minimal hesablı (0:1) olmuşdu.
0