Fərrux İsmayılov özünə yeni komanda tapdı
24.07.2009 - 12:02
Fərrux İsmayılov özünə yeni komanda tapdı
Azərbaycan yığmasının sabiq futbolçusu Fərrux İsmayılov Salyanın “Muğan” klubunun heyətində yer alıb. Apasport.az saytının məlumatına görə, 31 yaşlı hücumçu əyalət təmsilçisi ilə Türkiyənin Kartəpə vilayətində təlim-məşq toplanışındadır. Ötən mövsümün qış fasiləsində “Qəbələ”nin transferə çıxardığı Fərrux həmin vaxt özünə elə Türkiyədə də klub axtarsa da, müqaviləsinin olması problem yaratdı.

Belə olan halda, qəbələlilərlə anlaşmasının müddətinin bitməsini gözləməli olan futbolçu artıq yarım ildir oynamır. “Qəbələ” ilə müqaviləsi başa çatan İsmayılov yenidən Türkiyəyə, əsasən aşağı liqa klublarından birinə düşməyə çalışdı. Konkret olaraq, onun adı “Bucaspor”un ətrafında hallandı. Ancaq Fərrux sonda “Muğan”ın düşərgəsində yer aldı ki, onu bu klubla hələ qış fasiləsində danışığı olmuşdu. Hücumçu Türkiyənin “Kocaelispor” klubuna 2:3 hesabı ilə uduzduqları yoxlama oyununun 83-cü dəqiqəsində Vüsal Hüseynovun yerinə meydana daxil olub.
0