Qurban Qurbanov Yunis Hüseynovun rekordunu yenilədi
24.07.2009 - 13:02
Qurban Qurbanov Yunis Hüseynovun rekordunu yenilədi
Avroliqada mübarizə aparan “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Azərbaycan futbol tarixinə düşdü. Apasport.az saytının hesablamalarına görə, 37 Qurbanov 16 illik avrokuboklar tariximizdə mərhələ adlayan ən gənc mütəxəssis oldu.

İndiyədək mərhələ adlayan ən gənc məşqçimiz Yunis Hüseynov idi. UEFA kubokunda ilk mərhələ keçən mütəxəssis kimi tarixə düşən Hüseynov 2006-cı ildə, 41 yaşında buna nail olmuşdu. Bundan sonra klublarımız mərhələ adlasa da, “Karvan”ın baş məşqçisinin yaşla bağlı göstərici əlçatmaz qalırdı.

Artıq yeni rekord müəyyənləşdirən Qurbanov həm futbolçu, həm də baş məşqçi kimi Azərbaycan kubokunu qazanan ilk və yeganə şəxsdir. Futbolçu kimi ölkə kubokuna sahib çıxan Hüseynov baş məşqçi kimi buna yaxın olsa da, üç il öncə finalda elə “Qarabağ”a uduzmuşdu (1:2). Klublarımızın çalışdırıcıları arasında mərhələ adlayan ən qocası Valenton Xodukindir ki, o, 69 yaşında buna nail olub. Ancaq hər halda, ukraynalı mütəxəssis ölkəmizdə çalışan əcnəbi həmkarları arasında ilk mərhələ adlayandır.

Maraqlıdır ki, Qurbanov Avroliqada məğlub etdikləri “Rusenborq”un kapitanı Roar Stranddan da kiçikdir. Belə ki, 1970 təvəllüdlü yarımmüdafiəçi “Qarabağ”ın baş məşqçisindən iki yaş böyükdür.

Futbolçu kimi də avrokuboklarda mərhələ adlayan Qurbanov 2004-cü ildə, 32 yaşında “Neftçi”nin heyətində Çempionlar Liqasında buna nail olub.

Avrokuboklarda mərhələ adlayan klublarımızın baş məşqçiləri

Valentin Xodukin (1939, Ukrayna)

“İnter”lə (69 yaşında) Çempionlar Liqasında mərhələ adlayıb

Kazbek Tuayev (1940)
“Neftçi” (64 yaşında) ilə Çempionlar Liqasında mərhələ adlayıb

Böyükağa Ağayev (1947 təvəllüdlü)
İntertoto kubokunda “Qarabağ” (52 yaşında) və “Xəzər Universiteti” (57 yaşında) mərhələ adlayıb

Ağasəlim Mircavadov (1947)
Çempionlar Liqasında “Şəmkir” (53 yaşında) və “Neftçi” (57 yaşında) ilə mərhələ adlayıb

Qyoko Hacievski (1955, Makedoniya)
“Bakı” (54 yaşında) ilə Çempionlar Liqasında mərhələ adlayıb

Anatoli Demyanenko (1959, Ukrayna)
“Neftçi” ilə (49 yaşında) İntertoto kubokunda iki mərhələ adlayıb

Yunis Hüseynov (1965)
“Karvan”la (41 yaşında) UEFA kubokunda mərhələ adlayıb

Qurban Qurbanov (1972)
“Qarabağ”la (37 yaşında) Avroliqada mərhələ adlayıb
0