Rəşad Sadıqov: ...“Kocaelispor”la razılaşmadım
28.07.2009 - 10:37
Rəşad Sadıqov: ...“Kocaelispor”la razılaşmadım
“Artıq 4 gündür komanda ilə məşq edə bilmirəm. Belə vəziyyətdə yalnız yüngül qaçışla kifayətlənirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ağdamın “Qarabağ” klubunun müdafiəçisi Rəşad Sadıqov deyib.

Avropa Liqasının ikinci təsnifat mərhələsində Norveçin “Rusenborq” klubunun qapısına vurduğu qolla komandasını növbəti mərhələyə daşıyan 27 yaşlı futbolçu həmin görüşdə aldığı zədədən əziyyət çəkir. Rəşadın üçüncü təsnifat mərhələsinin “Honka” ilə Finlandiyada keçiriləcək qarşılaşmada oynaması da sual altındadır: “Oyundan sonra ağrı hiss etmirdim. Lakin ertəsi gün müayinədən keçəndə məlum oldu ki, dizimdə zədə var. Buna baxmayaraq, komanda ilə Finlandiyaya yollanacağam. Əgər oynamaq iqtidarında olsam, meydana da çıxacağam”.

Sadıqov Türkiyənin “Kocaelispor” klubu ilə apardığı danışıqlarda şərtlər irəli sürdüyünü də etiraf edib: “Hələ “Rusenborq”la görüşdən əvvəl Bakıda olan “Kocaelispor”un vitse-prezidenti ilə söhbətimiz oldu. Biz ortaq məxrəcə gəldik. Matçdan sonra isə onlar müqaviləyə daha bir bəndi əlavə etdi ki, bu da məni qane etmir. Bu bənd sənəddən çıxarılmazsa, onlarla razılaşmayacağam. Vitse-prezidentə də bu haqda dedim. Başqa klublardan isə heç bir təklif almamışam”.

Qeyd edək ki, Rəşad ardıcıl üç mövsümdür Avropa kuboklarında qol vurur.

Mənbə: extratime.az
0