Hacıyevski Dostaniçə uduzur
28.07.2009 - 12:09
Hacıyevski Dostaniçə uduzur
Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Bakı” (Azərbaycan) – “Levski” (Bolqarıstan) matçı Qyoko Hacıyevski ilə Ratko Dostaniçi yenidən görüşdürəcək. Apasport.az saytının məlumatına görə, makedoniyalı mütəxəssislə serbiyalı həmkarı vaxtilə Bolqarıstanda üz-üzə gəliblər.

Bu, 2006/07 mövsümündə Hacıyevskinin “Vihren”, Dostaniç isə “Slaviya” (Sofiya) klubunun baş məşqçisi olduğu vaxtda baş verib. İlk dövrədə Sofiyada keçirilən oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə nəticələnib. İkinci dövrədə Hacıyevskinin komandası bunun əvəzini çıxıb – 3:2. Bununla belə, Dostaniçin komandası həmin mövsümü daha yuxarı pillədə başa vurub.

Belə ki, “Slaviya” 16 komanda arasında 5-ci, “Vihren” 9-cu olub. Bolqarıstanda 1993/94 mövsümündə Sofiya MOİK-in baş məşqçisi kimi də çalışan Hacıyevski özündən yaşca kiçik həmkarından bu gün əvəz çıxmağa çalışacaq: “Bugünkü “Levski”ni iki il əvvəlki ilə müqayisə etmək olmaz. Üstəlik, son günlərdə komandada baş məşqçi dəyişikliyi baş verib və Emil Velevi Ratko Dostaniç əvəzləyib. “Vihren”in sükanı arxasında Dostaniçin rəhbərlik etdiyi “Slaviya” ilə görüşmüşəm. Həmin vaxt biz zəif olduq. Bu mütəxəssisin iş üslubu və yetirmələrinin oyun səviyyəsi mənə yaxşı tanışdır”.
0