“Rəşad Sadıqovla anlaşacağımıza ümid edirik”
28.07.2009 - 12:24
“Rəşad Sadıqovla anlaşacağımıza ümid edirik”
“Yeni transferlər həyata keçirəcəyik. Mərkəz müdafiəçisi, orta sahə oyunçusu və mərkəz hücumçusu mütləq almalıyıq. Rəşad Sadıqovla bağlı danışıqlarımız davam edir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Türkiyənin “Kocaelispor” klubunun baş meneceri Çengiz Sert deyib.

Avroliqada Ağdamın “Qarabağ” klubuna kömək edən Sadıqovu heyətində saxlamağa israrlı olan İzmit təmsilçisi onunla danışıqlar aparmaq üçün nümayəndəsini Bakıya göndərmişdi. 27 yaşlı müdafiəçi həmin şəxslə danışıqlarda ortaq məxrəcə gəlsə də, “Kocaelispor”un müqaviləyə daha bir bənd əlavə etməsi onu qane etməyib. Yəni, bu bənd anlaşmadan çıxarılmazsa, Sadıqovla onlarla razılaşmayacaq. Ancaq “Kocaelispor”un baş meneceri məsələnin müsbət həll olunacağı ilə bağlı nikbindir: “Rəşadla yenidən anlaşacağımıza ümid edirik. Onu almaqla müdafiədə problemlərimiz qalmayacaq”.

Qeyd edək ki, Türkiyədə Bank Asiya birinci liqasında iki azərbaycanlı futbolçu legioner sayılmır və yerli oyunçu statusunda çıxış edir. “Bakı”dan Ramal Hüseynovu transfer edən “Kocaelispor” digər boş yeri Rəşadla doldurmaq fikrindədir.
0