“Qarabağ” böyük ümidlərlə Finlandiyaya yollanır
28.07.2009 - 14:52
“Qarabağ” böyük ümidlərlə Finlandiyaya yollanır
“Qarabağ” Avroliqanın üçüncü təsnifat mərhələsi çərçivəsində Finlandiyanın “Honka” klubu ilə oyunun hazırlıq prosesini başa vurub. Apasport.az saytının məlumatına görə, sonuncu məşqini bu gün səhər paytaxtda keçirən Ağdam təmsilçisi axşam saatlarında Finlandiyaya yollanacaq. Saat 20:00-da Bakı-Helsinki hava reysi ilə səfərə çıxacaq “Qarabağ” Finlandiya paytaxtında “Croun” otelində məskunlaşacaq. Oyun öncəsi son məşqin isə sabah görüş başlayan vaxtda keçirilməsi nəzərdə tutulub. İyulun 30-da baş tutacaq “Honka” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

İkinci təsnifat mərhələsində “Rusenborq” kimi güclü rəqib üzərində tarixi qələbə qazanan ağdamlılar Skandinaviyaya böyük ümidlərlə yollanır. Komandamız əvvəlki mərhələ ilə müqayisədə iştirak ərizəsində dəyişiklik etməyib. Baş məşqçi Qurban Qurbanov “Rusenborq”la oyunlarda sərəncamında olan futbolçulara güvənəcək. Sözsüz ki, komandanın liderlərindən olan Rəşad Sadıqovun hazırkı durumu narahatlıq doğurur. Belə ki, “Rusenborq”la Bakıdakı oyunda (1:0) möhtəşəm qolun müəllifi olan 27 yaşlı müdafiəçi elə həmin görüşdə aldığı zədədən əziyyət çəkir. Ayağında ağrılar hiss edən Sadıqov artıq 4 gündür komanda ilə birgə çalışmır və yalnız yüngül qaçışla kifayətlənməli olur. Bu səbəbdən onun “Honka” ilə ilk görüşdə iştirakı sual altındadır. Hər halda, “Qarabağ”la birgə Finlandiyaya yollanacaq milli komandamızın kapitanı oynamaq iqtidarında olsa, meydana çıxacaq.
0