Ermənistan Azərbaycanın kölgəsində qaldı - FOTOSESSİYA
06.08.2009 - 11:21
Ermənistan Azərbaycanın kölgəsində qaldı - FOTOSESSİYA
Türkiyənin paytaxtı Ankarada keçirilən güləş üzrə gənclərin dünya birinciliyində yunan-Roma yarışlarına yekun vurulub. Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, millli komandamızın daha bir üzvü qızıl medala layiq görülüb. 55 kq çəki dərəcəsində qüvvəsini sınayan son Avropa birinciliyinin qalibi Orxan Əhmədov öz çəkisində dünyanın da ən güclüsü olduğunu sübuta yetirib.

Mübarizəyə 1/8 finaldan qoşulan Orxan əvvəlcə estoniyalı Dmitri Qorjuskonu məğlubiyyətə uğradıb (6:0, 8:1). Amma 1/4 finalda Madi Zarbolovla (Qazaxıstan) görüşün ilk hissəsi həmvətənimiz üçün yaxşı alınmayıb. O, birinci hissədə 0:6 hesabı ilə uduzub. Ruhdan düşməyən pəhləvanımız 2-ci və 3-cü hissələrdə özünü toparlayaraq, rəqibə heç bir şans verməyib - 6:0, 7:0. Yarımfinalda qırğızıstanlı Kanibek Yolçubekov da Orxanın qarşısında duruş gətirə bilməyib (0:2, 6:0, 7:1). Nəhayət, təmsilçimiz həlledici görüşdə Məhəmməd Hatəmini (İran) də üstələyib. Bu çəkidə Ermənistan idmançısı Aleksan Mikayelyan 3-cü yerlə kifayətlənərək, Əhmədovun kölgəsində qalıb.

Döşək üzərinə çıxan digər iki güləşçimizə gəlincə, Rüstəm Əliyev (66 kq) və Murtuza Tağıyev (84 kq) çempionatı 5-ci pillədə başa vurublar. Beləliklə, Azərbaycan yığması yunan-Roma növündə 2 qızıl və 1 bürünc medal əldə edib. İlk yarış günü Həsən Əliyev (60 kq) qızıl, Xurşud Babaşov (50 kq) isə bürünc medal qazanmışdı.

Komanda hesabında Azərbaycan 40 xalla Rusiya (60 xal) və İrandan (49 xal) geri qalmaqla, 3-cü yeri tutub. Avqustun 6-7-də dünya birinciliyində gənc qızlar öz aralarında ən güclüləri müəyyənləşdirəcəklər. Ölkəmiz bu növdə yalnız bir idmançı - Əminə Abbasova (48 kq) ilə təmsil olunur. O, avqustun 7-də bacarığını nümayiş etdirəcək.
0