Türklərlə dava salmış futbolçu Azərbaycanda oynayacaq - TƏQDİMAT
07.08.2009 - 18:08
Türklərlə dava salmış futbolçu Azərbaycanda oynayacaq - TƏQDİMAT
“Bakı”nın Avroliqanın dördüncü mərhələsindəki rəqibi İsveçrənin “Bazel” klubunun 116 illik tarixi var. Apasport.az saytının məlumatına görə, 1893-cü il noyabrın 15-də yaranan komanda eyniadlı şəhəri təmsil edir. Müqayisə üçün bildirək ki, 2004-cü ildən “Bakı” adını daşıyan klubumuzun isə cəmi 12 yaşı var (əvvəlki adları “Polis Akademiyası”, “Dinamo”, “Dinamo-Bakılı”).

İsveçrənin ən titullu klublarından sayılan “Bazel” 12 dəfə ölkə çempionluğunu qazanıb. İlk çempionluğu 1953-cü ildə, son çempionluğunu isə ötən il əldə edən komanda həmin vaxt “qızıl dubl” edib. 2008/09 mövsümündə bürünc medal qazanmış “Bazel” 9 dəfə ölkə kubokuna sahib çıxıb, 1973-cü ildə isə İsveçrə liqasının kubokunun qalibi olub.

“Bakı”nın rəqibinin ənənəvi forması qırmızı-göy rəngdədir. Səfərdə komanda gümüşü rəng formanı geyinir ki, bunu avqustun 20-də paytaxtımızdakı görüşdə görəcəyik.

“Bazel”in heyətində milli komandasının şərəfini qoruyan kifayət qədər futbolçu var. İsveçrə yığmasında çıxışı ilə tanınan Aleksandr Fray, Paskal Tsuberbüler, Filip Degen kimi futbolçular “Bazel”də oynayıb. Yeri gəlmişkən, Fray 12 illik fasilədən komandaya qayıdıb. Son 3 ili Bundesliqada Dortmund “Borussiya”sının heyətində keçirmiş 30 yaşlı hücumçu mövsüm bitdikdən sonra “Bazel”ə dönüb. Milli komandanın lideri olan Fray 2005-ci ilin payızında Türkiyə yığması ilə görüşlərdə “anti-qəhrəman”a çevrilib. O, dünya çempionatının pley-off mərhələsində Türkiyədə keçirilmiş cavab matçında hakimin final fitindən sonra dava-dalaş salıb.

O, “Bazel”ə qayıtdıqdan sonra da qolçuluq bacarığını nümayiş etdirib. Belə ki, hücumçu Avroliqanın üçüncü təsnifat mərhələsində İslandiyanın “Reykyavik” klubu ilə evdə keçirilən cavab görüşündə (3:1) dubla imza ataraq, qələbədə əsas pay sahibi olub. “Bazel”in digər qoluna “Qarabağ”ın makedoniyalı sabiq futbolçusu Artim Şakirinin həmsoyadı imza atıb. Səfərdə keçirilən ilk oyun 2:2 hesabı ilə nəticələndiyindən bazellilər növbəti mərhələyə çıxıblar.

Frayla yanaşı, digər hücumçu - 28 yaşlı Marko Ştreller də yığmanın, eyni zamanda klubun aparıcı futbolçularındandır. “Bazel”in orta sahə oyunçularından Benjamin Huqqellə gənc Valentin Stokker də milli komandanın üzvüdür. İsveçrə yığmasının türk əsilli futbolçularından Hakan Yakın, Gökhan İnler, Eren Derdiyok vaxtilə “Bazel”də oynayıb. İndi isə orada cəmi 2 türk oyunçu var - müdafiəçi Çağdaş Atan və Sərkan Şahin.

Avrokuboklarda böyük təcrübəyə malik “Bazel” ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsində yarışıb. “Barselona, “Sportinq” və “Şaxtyor”la eyni qrupda yer alan komanda sonuncu yeri tutaraq, UEFA kubokuna da vəsiqə qazana bilməyib.
0