İsveçrəli futbolçu: Bakıdakı dəhşətli oyunu xatırlamaq istəmirəm
20.08.2009 - 13:18
İsveçrəli futbolçu: Bakıdakı dəhşətli oyunu xatırlamaq istəmirəm
“Azərbaycanla bağlı bütün xatirələrimi beynimdən silib atmışam. Çünki Bakıdakı həmin dəhşətli oyunu xatırlamaq istəmirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri İsveçrə milli komandasının sabiq futbolçusu Adrian Knup deyib.

Karyerası ərzində yığmada 49 oyunda 26 qol vuran 41 yaşlı veteran Avropa Liqasının dördüncü təsnifat mərhələsində bu gün keçiriləcək “Bakı” - “Bazel” matçı ərəfəsində 1996-cı ili xatırlayıb. Knup 13 il öncə Bakıda dünya çempionatının seçmə mərhələsində İsveçrə milli komandasının heyətində Azərbaycan yığmasına qarşı oynayıb. Həmin matçda 0:1 hesablı məğlubiyyət artıq Knupa gülməli görünür: “13 il əvvəl avqustun 31-də baş məşqçi Rolf Fringerin debüt oyununda Azərbaycana 0:1 hesabı ilə uduzmağımız indi mənə acı və çox gülməli görünür. O zaman biz Azərbaycan yığması ilə görüşə çox yaxşı hazırlaşmışdıq. Elə “Bazel”in oyunçularının indi “Bakı”ya qarşı hazırlaşdığı kimi. Amma bizim qəddar düşmənimiz içimizdə idi: rəqibi qiymətləndirmirdik. Bu elə mənim özümə də aid idi. Məğlub olduğumuz gün futbolçu karyeramın qara günü idi”.

Karyerasını “Bazel”də başlayıb elə bu klubda da bitirən, həm də 1996-cı ildə “Qalatasaray”da oynamağa vaxt tapan Knup sabiq komandasının eyni aqibətlə üzləşməyəcəyini düşünür: “Düşünürəm ki, həmin tarixin təkrarlanmaması üçün baş məşqçimiz Torsten Fink lazımı sözləri futbolçulara deyib. Axı, bu dəfə qarşımızda həqiqətən güclü komanda dayanıb. Onlar “Levski” ilə matçdan sonra da güclənib. Braziliyalı Jaba və bizim “Arau”dan tanıdığımız Daniel Oprita da bu komandadır. Amma Oprita komandasına kömək edə bilməyəcək”.
0