Azərbaycan və İspaniya milli komandaları yenə üz-üzə
25.08.2009 - 13:42
Azərbaycan və İspaniya milli komandaları yenə üz-üzə
Azərbaycan və İspaniya yığmaları yenə bir-birləri ilə qüvvələrini sınayacaqlar. Ancaq bu dəfə meydan futbolçuların yox, voleybolçuların ixtiyarına veriləcək. Apasport.az saytının məlumatına görə, qadın voleybolçulardan ibarət milli komandamız ispanlarla Türkiyənin İzmir şəhərində təşkil olunan beynəlxalq turnirdə qarşılaşacaq. Oyun bu gün Atatürk İdman Salonunda keçiriləcək.

Azərbaycan, Türkiyə və İspaniyanın qatıldığı turnir 2 dövrədən ibarət olacaq və hər kollektiv 4 matçda bacarığını nümayiş etdirəcək. Açılış oyununda Türkiyə İspaniyanı asanlıqla məğlub edib - 3:0 (25-12, 25-20, 25-10). Avropa çempionatına hazırlıq xarakteri daşıyan bu yarışda Faiq Qarayevin yetirmələri avqustun 26-da və 29-da meydan sahibləri, ayın 28-də isə İspaniya ilə təkrar görüşdə üz-üzə gələcəklər.

Qeyd edək ki, milli komandamızın mübarizə aparacağı Avropa çempionatı 25 sentyabr - 4 oktyabr aralığında Polşada baş tutacaq.
0