Futbol bitdi, dava başlandı - FOTOSESSİYA
25.08.2009 - 15:57
Futbol bitdi, dava başlandı - FOTOSESSİYA
Türkiyə Superliqasının III turu çərçivəsində keçirilən “Diyarbəkirspor” - “Fənərbaxça” (1:3) matçı zamanı və oyundan sonra yerli azarkeşlər qalmaqal salıblar. Apasport.az saytının məlumatına görə, “Diyarbəkispor”un fanatları birinci hissədə meydana xeyli yad əşyalar tullayıblar. İkinci hissədə isə onlar tamamilə nəzarətdən çıxıblar. Qarşılaşmanın axırlarına yaxın bir azarkeş heç nə olmamış kimi, sakitcə meydançaya daxil olub və “Fənərbaxça”nın qapısının önünədək irəliləyib.

Ən pisi isə hakimin final fitindən sonra yaşanıb. “Diyarbəkirspor”un məğlubiyyəti rəsmiləşən kimi, dərhal bir qrup fanat meydana soxulub. Eyni zamanda, stadionu tərk edən azarkeşlərlə polis arasında qarşıdurma yaranıb. Futbol həvəskarları hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş və taxta parçaları atıb. Polislər su və gözyaşardıcı qazın sayəsində qalmaqalın böyüməsinə imkan verməyiblər. Nəticədə bir neçə nəfər ciddi yaralanıb. Azarkeşlər ara küçələrə dağılışaraq, aradan çıxıblar. Amma bu vaxt da onlar sakit durmayıblar. Belə ki, fanatlar hadisə yerinə yaralıları aparmaq üçün gələn təcili tibbi yardım maşınının şüşələrini qırıblar.

“Diyarbəkirspor”un stadionunun bir oyunluq bağlanılacağı, həmçinin komandanın bir tur boş tribunalar önündə mübarizə aparacağı gözlənilir.
0