“Rabotniçki” – “İnter” matçının hakimi cəzalandırıldı
26.08.2009 - 12:00
“Rabotniçki” – “İnter” matçının hakimi cəzalandırıldı
İsrail Futbol Hakimləri Assosiasiyası Təl-Əviv “Makkabi”si ilə “Bney-Sahnin” arasında keçirilən oyunla bağlı ilkin qərarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, dünya futbol tarixinə ən mübahisəli matç kimi düşən qarşılaşmanın hakimləri müvəqqəti idarəçilikdən uzaqlaşdırılıb. Buna baş hakim Asəf Kənanın bir qolla bağlı 4 qərar verməsi səbəb olub.

Hadisələr 72-ci dəqiqədə İsraileviçin “Bney Sahnin”in qapısına qalmaqallı qolu vurduqdan sonra baş verib. Əvvəl Kənan topu hesaba alaraq mərkəzi göstərib. Qonaqlar oyuna başlamamış, o yan xətt hakimi ilə məsləhətləşib oyundankənar vəziyyət olduğu üçün qolu ləğv edib. “Bney Sahnin” sərbəst zərbə ilə oyuna başlamamış referi dördüncü hakimlə söhbət edərək, yenidən qol olduğunu iddia etməyə başlayıb. Hakimin ikinci dəfə qolu qeydə alması qonaqları narazı salıb və onlar meydanı tərk etməyə başlayıblar. Onları saxlamaq üçün bir qolu iki dəfə qeydə alan Kənan elə həmin topu ikinci dəfə ləğv edib.

Qeyd edək ki, FİFA hakimi olan Kənan indiyədək 3 dəfə Azərbaycan komandalarının oyunlarını idarə edib. 41 yaşlı referi Çempionlar Liqasının təsnifat mərhələsi çərçivəsində 2004-cü ildə “Neftçi” – MOİK (Rusiya), 2008-ci ildə “Rabotniçki” (Makedoniya) – “İnter” qarşılaşmalarını, həmçinin millimizin 2007-ci ilin noyabrında Avropa çempionatının seçmə mərhələsinin Belçika ilə Bakıdakı oyununun baş hakimi olub.
0